“Yeni Üfüq” layihəsi çərçivəsində oyun keçirilib

SOCAR Midstream Gas Operations və onun Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi ilə icra olunan “Yeni Üfüq – valideyn himayəsindən məhrum gənclərin məşğulluq qabiliyyətlərinin artırılması yolu ilə səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində futbol oyunu keçirilib.
Sports.az xəbər verir ki, layihə çərçivəsində peşə təlimləri ilə yanaşı, gənclərin sosial-psixoloji rifahının dəstəklənməsi, komanda ruhunun inkişafı, sağlam həyat tərzinin təşviqi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif əlavə fəaliyyətlər də həyata keçirilir.
Futbol oyunu da bu istiqamətdə təşkil olunan sosial inkişaf fəaliyyətlərindən biri olub.
Tədbirin keçirilməsinə AFFA-nın Sosial və Ətraf Mühitin Dayanıqlılığı şöbəsi tərəfdaş qismində dəstək göstərib. AFFA tərəfindən iştirakçılar futbol formaları ilə təmin edilib, həmçinin oyunun keçirilməsi üçün meydança ayrılıb. Matçdan sonra tanınmış futbolçu, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin analitiki Qara Qarayev tərəfindən qalib komandaya mükafatlar təqdim olunub.
Qeyd edək ki, 10 ay davam edən “Yeni Üfüq” layihəsi Bakıda internat məktəbləri və uşaq müəssisələrində yaşayan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 15–18 yaşlı 80 gənci əhatə edir.





























