Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurdular

Azərbaycan təmsilçiləri Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında günü 4 medalla başa vurublar.
Sports.az xəbər verir ki, günün son finalında Niyaz Malikov – İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) bürünc medal qazanıb.
Bu gün həmçinin Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar. Azər İlyasov isə akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlər arasında) yürüşdə qızıl medal əldə edib.
Əlimurad Hacızadə dünən birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi. O, bu gün birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə də ikinci olub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.





























