Şahin Bağırov Naxçıvanda voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AFV) prezidenti Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüş keçirib.
Sports.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Kamallədin Qafarov, federasiyanın Naxçıvan filialının direktoru Vüqar Əliyev, sponsor şirkətlərin rəhbərləri və voleybol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Naxçıvan filialının direktor müavini Rahil Tahirli regionda voleybolun inkişafı, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması, eləcə də əldə edilən nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, son illərdə şəhər və rayon məktəblərində aparılan seleksiya işləri nəticəsində yüzlərlə perspektivli gənc voleybola cəlb olunub, xüsusilə qız voleybolunun inkişafı istiqamətində mühüm irəliləyişlər əldə edilib.
Qeyd olunub ki, son iki il ərzində Naxçıvanın yeniyetmə oğlan və qızlardan ibarət komandaları Azərbaycan çempionatlarında iştirak edərək 2 qızıl və 4 bürünc medal qazanıblar. Bundan əlavə, 15-dən çox idmançı müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına cəlb olunub.
Şahin Bağırov çıxışında ölkədə voleybolun kompleks inkişafı, uşaq voleyboluna göstərilən diqqət və yaradılan şəraitdən danışıb. O, yeniyetmələr arasında keçirilən çempionatların gələcək nəsil idmançılarının yetişməsində mühüm rol oynadığını vurğulayıb.
AVF prezidenti bu işlərdə valideynlərin rolunu xüsusi qeyd edərək, idmançı, məşqçi və ailə əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, Naxçıvanda voleybolun inkişafı gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Sonda Şahin Bağırov yeniyetmə voleybolçuların məşq prosesini və "Möminə Xatun" komandasının oyununu izləyib, milli komandaya seçilən idmançılarla maraqlanıb. Daha sonra sponsorlar və məşqçilərlə regionda voleybolun inkişaf perspektivləri müzakirə olunub.




























