Osimhen məhkəməyə verildi

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen yenidən hüquqi problemlərlə üzləşib.
Sports.az xəbər verir ki, “Mercedes” şirkəti nigeriyalı futbolçudan şikayət edərək, məsələni vergi orqanlarına və məhkəməyə qədər çatdırıb.
Osimhen “Napoli”də çıxış etdiyi dönəmdə kreditlə məşhur “Mercedes G-Class” (“qalik”) avtomobilini alıb. Başlanğıcda ödənişləri həyata keçirsə də, sonradan onun kredit öhdəliklərini yerinə yetirmədiyi bildirilir. Türkiyəyə köçdükdən sonra isə o, bu məsələni tamamilə diqqətdən kənarda qoyub.
Müqavilə şərtlərinə əsasən, belə hallarda şirkət avtomobilin geri qaytarılmasını tələb edə bilərdi. Ancaq Osimhen bu tələbə də məhəl qoymayıb və nəticədə “Mercedes”in hüquqşünasları məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar.
Maraqlıdır ki, 27 yaşlı futbolçu hazırda İstanbulda “qalik” deyil, təxminən yarım milyon avro dəyərində olan “Lamborgini Revuelto” ilə görüntülənir.





























