\"Kəpəz\"in ulduz transferini yaxından tanıyaq


"Kəpəz"in məşhur Giorgi Papunaişvilini transfer etdiyi haqda xəbər vermişdik. Gəncə təmsilçisi transferi rəsmən açıqlayıb. "Sarı göylər" ulduz futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsinin klubları ilə yanaşı, Avropada da top qovub. Legioner həyatına "Verder Bremen"in ikinci komandasında başlayan istedadlı futbolçu İspaniyada “Real Saraqosa” və "Rasinq Santander”, Kiprdə “Apollon Limassol”, Serbiyada “Radniçki”də çıxış edib.
O, Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə 17 yaşlılar arasında Avropa çempionatının bürünc mükafatını qazanıb.

Bu gün 28 yaşı tamam olan futbolçu ölkısinin əsas milli komandasında 17 oyun keçirib 3 qol vurub.
O, yığmada ilk qoluna 5 il öncə Litva ilə yoldaşlıq matçında sabiq "Neftçi"li Georgi Navalovskinin ötürməsindən sonra imza atıb. Rəsmi qarşılaşmalarda millidə ilk qolunu isə 4 il öncə AÇ-nin seçmə mərhələsinin Cəbəllütariqlə matçında vurub. Gürcülərin 3:0 hesablı qələbəsi ilə bitən həmin matçın ikinci hissəsində Papunaişvili meydanda yerini "Kəpəz"ə 32 yaşında gəlməsinə baxmayaraq oyunu və qolları ilə gəncəli azarkeşlərin yaddaşında əbədi iz buraxan Badri Kvaratsxeliyanın indi bütün dünyada tanınan oğlu Xviçaya verib. Yeri gəlmişkən bu görüşdə bir başqa sabiq "Neftçi"li Vato Arveladze də penaltidən fərqlənib.
Papunaişvili millidə hələlik son qolunu isə 4 il öncə, noyabrın 19-u Xorvatiya ilə oyunda vurub. "Kəpəz"in yeni transferi o zaman Dominik Livakoviçi məyus edərək hesabı açsa da, Quram Kaşiyanın avtoqolu və İvan Perişiçin həlledici qolu ilə xorvatlar 2:1 hesablı əzmkar qələbə qazanıb.
Papunaişvili millidə son oyununu 3 il öncə Estoniya ilə qolsuz bərabərliklə bitən Millətlər Liqasının görüşündə keçirib.
Giorgi  Avrokuboklarda yeganə qolunu 2015-ci ildə Avropa Liqası təsnifat mərhələsinin Tbilisidə keçirilən "Dinamo" Tbilisi - "Qəbələ" oyununda vurub. Futbolçu 84-cü dəqiqədə fərqlənərək komandasına qələbə qazandırsa da, cavab matçında "Qəbələ" 2:0 qalib gəlib yola davam edən tərəf olub.
O, klub karyerası ərzində "Dinamo"da keçirdiyi 82 matçda 29 qol və 17 məhsuldar ötürmə, "Real Saraqosa"da 61 oyuna 13 qol və 3 ötürmə, "Verder Bremen 2"də 20 oyuna 2 qol, 2 ötürmə ilə yadda qalıb. "Apollon"da 11, "Rasinq Santander"də 4, "Radniçki"də 3 oyuna çıxıb. "Torpedo" Kutaisi və "Samtredia"nın hərəsində 15, "Telavi"də 3 qarşılaşmada forma geyinib.
Georgi Papunaişvili universal futbolçudu, karyerası ərzində daha çox mərkəz yarımmüdafiəçisi və sağ vinger mövqelərində çıxış etsə də, mərkəz hücumçusu və sol vinger kimi də az oyun oynamayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar