"İnanıram ki, sabah ən yaxşı oyunlarını göstərəcəklər" - Qurban Qurbanov

"Bizim üçün məsuliyyətli, çox vacib oyundur. Hiss edirik, görürük, oxuyuruq ki, bizə böyük dəstək var. Bakıda əsl futbol ab-havası yaşanır”.  

Sports.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Bayer”ə qarşı keçiriləcək oyun barədə danışarkən deyib. 

Mütəxəssis Lerverkuzen təmsilçisinə qarşı oynamağın komandası üçün xoş olduğunu bildirib: “Bayer” tanış rəqibdir. Amma bu komandaya qarşı oynamaq xoşdur. Bu gün Bundesliqanın lideridirlər, çox yaxşı məşqçilər korpusu var. “Bayer” çox bacarıqlı, keyfiyyətli iş quran klubdur. Struktur baxımından belə klubdan böyük təcrübə toplayırıq”. 

Qurbanov matça pis hazırlaşmadıqlarını söyləyib: “Futbolçuların hazırlığı yaxşıdır. İnanıram ki, sabah meydanda özlərinin ən yaxşı oyununu göstərəcəklər. Dinamik komandaya qarşı oynayacağıq. Sabah təkcə fiziki güc yox, 90 dəqiqə oyunun içində olmaq, düşünmək çox vacibdir. İnanıram ki, sabah stadion tam dolacaq və azarkeşlər üçün maraqlı, yaxşı, mübarizəli oyun göstərəcəyik".

O, rəqibdən çəkinməməli olduqlarını vurğulayıb: “İki ölkə futbolu arasındakı fərqi həmişə nəzərə almışıq. Amma bunu çox dərindən düşünməmişik. Biz sadəcə rəqibimizə qarşı necə oyun qurmaq lazımdır, onu düşünürük. Bunu bacarırıq deyə, inamla hazırlaşırıq. Bəli, bu komandanın nə qədər üstünlüyü olsa da, böyümək üçün çəkinmədən "Bayer"ə qarşı mübarizə aparmalıyıq. Bəzi detalları futbolçulara çatdırırıq. Amma futbolçulara tapşırığımız olacaq ki, meydanda 90 dəqiqə dözməyi bacarmalıyıq. İstənilən oyun tərzinə, sürətə dözməliyik. Bu, hazırkı futbolun əsas amillərindəndir. Mənim üçün çox vacibdir ki, çəkinmədən oynamalı, dözməyi bacarmalıyıq. Bu bir hissə olacaq, iki hissə olacaq, 60 dəqiqə olacaq, görəcəyik. Bunu bacarsaq, illərlə artıra bilərik”.

Q.Qurbanov türkiyəli jurnalistin “Türkiyədəki insanlar "Qarabağ"ı ikinci təmsilçisi kimi görürlər. Türkiyəyə mesaj vermək istəyirsiniz?” sualını belə cavablandırıb: “Xoş gəlmisiz, sizi görmək xoşdur. Ancaq təşəkkür edə bilərəm. Azərbaycanlı olaraq Türkiyə futbolunu həmişə izləmişik, Türkiyəyə daim dəstək olmağa çalışmışıq. Eynilə bunun qarşılığını da görürük. Bu, bizə əlavə güc, motivasiya verir. Çünki biz təkcə Bakıdakı matçlarda yox, xaricdəki matçlarda da türkiyəli azarkeşlərin dəstəyini görmüşük, həmişə yanımızda olublar. Əlavə güc, əlavə motivasiyadır. Bilsək ki, bizim yanımızda daim bizi dəstəkləyən qardaşlarımız var, çəkinəcək, qorxacaq bir şeyimiz qalmaz”.

“Qarabağ”ın çalışdırıcısı baxımlı futbol oynamağı istədiklərini qeyd edib: “Bunu düşünməsək, nəticələrimiz çox az olar. Sadəcə, bəzən tam düşündüyümüz kimi niyə alınmır? Rəqib imkan vermir. Amma tələblərimizdən, oyunumuzdan əl çəkmirik. Mənim üçün ev-səfər düşüncəsi yoxdur. Çünki dəfələrlə bildirmişəm ki, biz çəkinərək, sırf bu oyunda nəticəyə oynamaq lazımdı deyə, belə fikir formalaşdırsaq, az nəticələr qazanarıq. Biz baxımlı futbol oynamalıyıq. Azarkeşlərin komandanın yanında olması üçün də bu, vacibdir. Azarkeşlər rəqibin üzərində gərginlik yaradacaqsa, bu, bizim üstünlüyümüzdür. Sabah da istədiyimiz hücumları qurmağa, öz oyunumuzu oynamağa çalışacağıq. Ola bilər ki, hardasa rəqib ustalıqda bizi üstələyər. Amma inanmıram ki, sabahkı matçda öz oyunumuzu göstərə bilməyək. Belə fikrim yoxdur. Aktiv, aqressiv şəkildə, rəqibə dəyər verərək oynamalıyıq. Böyüməyimiz üçün bunlar çox vacibdir. Nəticə verib, böyümək istəyiriksə, böyük komandalara qarşı istədiyimizi meydanda göstərməyə çalışmalıyıq. Ola bilər ki, bir daha qeyd edim, bu 60 dəqiqə olsun. Amma bunu bacarırıqsa, demək ki, gələcəkdə daha yaxşı olacağıq”.

Qurban Qurbanov bu yaxınlarda rəqib məşqçi Xabi Alonso ilə Almaniyada keçirdikləri görüşdə apardıqları fikir mübadiləsinin sabahkı matça təsir edəcəyi fikrində deyil: “Deməzdim ki, hansısa plan qurmuşuq, ya da Alonso bu barədə düşünəcək. Böyük komandalar ilk olaraq öz oyununu nümayiş etdirməyə çalışır. Bu gün də "Bayer" bunun hesabına digər rəqiblərdən üstündür. Xabi Alonsonun tələblərinə uyğun futbolçular yığılıb. Oyunun gedişində rotasiyalar yerinə yetirir. Tanışlığımız oldu. Həm biz öz işimizdən danışdıq, məlumat verdik, həm də onlar bizə. Amma inanmıram ki, bu hansısa detal, element bizə qalib gəlməyə kömək edər, ya da uduzmağa səbəb olar. İlk oyunumuza qədər də çox oyunlarına baxmışdıq. Amma sonra meydanda canlı gördük. İnanmıram ki, görüşümüzün hansısa detalı fərq göstərsin. Futbolun dili birdir. Tələbləri vaxtında, yaxşı yerinə yetirən qalib gəlir. Bu, aksiomadır. Klub olaraq münasibətimiz daha yaxın oldu. Mənim üçün maraqlı olan, Alonsonun keçmiş karyerası idi. Zəngin futbolçu karyerası var. Mənə motivasiya verən onun peşəkar davranışlarıdır. Bu qədər titul əldə etməyi hər futbolçu bacarmır. Böyük məşqçilərlə işləyib, onlarla münasibətindən danışdı". 

Qurbanov rəqibin sabahkı matça qrup matçları ilə müqayisədə daha ciddi yanaşacağını düşünür: “Daha ciddi yanaşacaqlar, daha aktiv olacaqlar. Çünki Bakıdakı matçda onlara qarşı tam fərqli mübarizə aparmışdıq. Evdəki görüşdəki onlar birinci yeri həll etmişdilər. Amma bu iki oyundan ibarət matçdır. Məğlub olan turniri tərk edir. Xabi Alonso elə məşqçidir ki, mən onda hansısa oyuna sıradan yanaşdığını görməmişəm. "Bayer" çox ciddi yanaşacaq. Fikirləşəcəklər ki, bəlkə cütün taleyini burada həll etsinlər”.

Qurban Qurbanov “Atalar üçdən deyib” fikrinin sabahkı matçda doğrulma ehtimalına belə cavab verib: “Ataların sözündən heç vaxt çıxmamışıq. Nə deyiblər, düz deyiblər. Necə olacaq, görəcəyik. Üçlə bitmir, hələ qarşıdan dörd gəlir".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar