“Qarabağ”ın bilet rəzaləti

Sosial şəbəkələrdə ciddi narahatlıq və narazılıq var. “Qarabağ” – “Viktoriya” (Plzen) oyununa bilet almaq istəyən azarkeşlər çıxılmaz vəziyyətlə üzləşib.
Səhər saatlarından bilet almaq üçün “i-Ticket”in saytına baş vuran futbolsevərlər istəyinə çatmaqda çətinlik çəkir. Böyük əksəriyyət kartdan pul çıxıldığı halda biletə sahib olmadığını bildirir, bəziləri 5 manatlıq biletlərin bitdiyini yazır, bir qisim də sayta daxil olmağın mümkün olmadığını vurğulayır.
“Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə yaranmış durumla bağlı Sports.az-a açıqlama verib:
“İlk növbədə “Qarabağ”ın oyununa böyük maraq göstərən azarkeşlərimizə təşəkkür edirik. Biletlər satışa çıxan anda 100 mindən artıq adam bilet almaq üçün sayta daxil olub. Bu da “i-Ticket” saytının serverlərində texniki problemlərin yaranması ilə nəticələnib. Serverlər həddən artıq yükləndiyi üçün sayta daxil olmaqda, bilet almaqda müəyyən nöqsanlar yaranıb.
Dərhal “i-Ticket”lə əlaqə saxlayıb vəziyyətlə maraqlandıq. Bilirik ki, kartından pul çıxılıb biletə sahib olmayan azarkeşlər var. Narahatlığa gərək yoxdur, ya pullar hesablarına qayıdacaq, ya da biletə sahib olacaqlar. Hazırda texniki problemi aradan qaldırmağa çalışırlar. Yaxın saatlarla satışın bərpa olunacağı gözlənilir”.
Abbaszadənin yaranmış xoşagəlməz vəziyyətlə bağlı açıqlamasından məlum olur ki, ölkənin tanınmış şirkətlərindən biri məsuliyyətli işin öhdəsindən gəlməyə hazır və layiq deyil.
Elədirsə, bilet satışını “i-Ticket”ə həvalə etməyə nə gərək vardı? Məgər daha az maraq olan ötən oyunlarda eyni problemlərin yaşanmasından, "Ferentsvaroş" üzərində parlaq səfər qələbəsindən sonra başlayan ajiotajdan bilet satışına hədsiz tələb olacağını anlamaq mümkün deyildi?! Şirkət vaxtında texniki problemlərin yaranmaması üçün önləyici tədbirlər görə bilməzdi?!
Təbii, ölkədə “Qarabağ”ın oyununa bu dərəcədə marağın yaranması - 100 mindən çox insanın bilet almaq üçün sayta daxil olması alqışlanmalı haldır. Amma alıcını sayta neçə yüz min nəfərin daxil olması yox, biletə sahib olmaq maraqlandırır. Adamların haqqı bilet almaqdır, narahatlıq keçirib hesabdan çıxan pulunun hara “uçduğunu” gözləmək yox. Əgər bilet alışı üçün kartdan ödəniş qəbul edilirsə, pul çıxılırsa, nəyə görə həmin pullar naməlum zamanda geri qaytarılmalı, böyük həyəcan və əsəb keçirən vətəndaş isə oyunu stadiondan izləyə bilməməlidi?!
Bu, bir daha göstərir ki, istər böyük avrokubok təcrübəsinə baxmayaraq bu cür səviyyəli turnirin təşkilində hələ də ciddi qüsurlara yol verən “Qarabağ”, istərsə də ölkənin bilet satışı üzrə tanınmış şirkəti məsul görüşləri qarşılamağa hazır deyil...
Öz qiymətinə bilet alanların pulu kartlarına qayıdandan sonra onlar matç günü 5 manatlıq biletləri heç bir maneəsiz 20-30, hətta 50 manata stadionun girişində at oynadan dəllallardan ala biləcək. Bunu çox görmüşük. Və heç kim bu alverin qarşısını almaqda, buna mane olmaqda maraqlı deyil.
Böyümək yolunda ciddi addımlar atmağa çalışan klub təkcə yaşıl meydanda top qovanlara yox, tribunalarda onları dəstəkləyən insanların rahatlığına da diqqət göstərməlidir. Qrup mərhələsinin oyunlarına qədər bu kimi problemlər mütləq aradan qaldırılmalıdır. İşə Rəqəmsal İnkifaş və Nəqliyyat Nazirliyini, Daxili İşlər Nazirliyini, hətta Dövlət Təhlükəsizlik Xidmətini qoşmaq bahasına olsa belə, "Qarabağ"ın avrokubok oyunlarında dəllalların bilet biznesinin qarşısı alınmalıdır!





























