"Avropanın ən yaxşı komandasına qarşı oynayacağıq"

"Sabah biz hazırda Avropanın ən yaxşı komandasına qarşı oynayacağıq. Yaxşı oyun göstərmək istəyirik”. 

Sports.az xəbər verir ki, bu sözləri bu sözləri “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov sabah UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Bayer”ə qarşı keçiriləcək qarşılaşma barədə danışarkən deyib. 

Oyunöncəsi mətbuat konfransına qatılan təcrübəli müdafiəçi psixoloji baxımdan üzərlərində hər hansı təzyiq olmadığını bildirib: “Bayer”lə görüşdə son iki oyundakından da çox gücü sərf etməliyik. Psixoloji cəhətdən böyük təzyiq yoxdur. Çünki onlara qarşı bu mövsüm iki dəfə oynamışıq. Baxımlı, yaxşı futbol üçün ən yaxşısını edəcəyik".

O, "Braqa" ilə görüşün sonundakı məhsuldar ötürməsini belə xatırlayıb: “Bir anda gələn qərar idi. Gördüm ki, Nəriman irəlidə dayanıb. Yaxşı ki, baş hakim oyunu dayandırmadı. Şükürlər olsun ki, hər şey yaxşı alındı. Bu an üzərində çox dayanmaq istəməzdim. Komanda yaxşı mübarizə apardı. Hamımızın qələbəsi idi”.

B.Hüseynov bir neçə gün əvvəl təqdimatına qatıldığı "Qarabağ" FK 30 il” filminin motivasiya baxımından komandaya müsbət təsis edəcəyini vurğulayıb: “Filmi çox bəyəndim. Motivasiya sarıdan filmin dəyəri yüksəkdir. "Qarabağ" adı klub deyil. Bu filmdən sonra dünyada nümayiş etdirməliyik ki, "Qarabağ"ın necə tarixi var. Yaxşı motivasiyadır”.

Təcrübəli müdafiəçi sabahkı matçda Julio Romao və Elvin Cəfərquliyevin yoxluğuna da toxunub: “Komandada hər bir oyunçunun keyfiyyəti yüksəkdir. Bizdə bir oyunçu olmayanda, digəri keyfiyyətli şəkildə əvəz edir. Yoxluqları hiss ediləcək. Amma meydana kim çıxsa, ən yaxşısını etməyə çalışacaq”.

Sonda “Qarabağ”ın müdafiəçisi "Bayer"ə qarşı qrupdakı matçlarda oynamısınız. Rəqib ilk növbədə nəyi bağışlamır?” sualını belə cavablandırıb: “Həmin oyunda öz səhvlərimizi gördük. Bu cür rəqiblər sənin dərhal asan yerlərini göstərir. Onları analiz etmişik. Son matçlar bizə daha çox motivasiya verib. Biz əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik. Hansısa anlarda eyni səviyyədə oynamışdıq. Son oyundan sonra səviyyəmiz də qalxıb. Sabah səhvlərə yol verməməyə, inamlı oynamağa çalışacağıq. Bu halda matçı da yaxşı nəticə ilə başa vura bilərik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar