"Qarabağ" rəsmisi UEFA-nın toplantısında

"Qarabağ" Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov bir müddət əvvəl UEFA-nın Yarışların Təşkili (2023-27-ci illər) Komitəsinin üzvü seçilib.

Sports.az xəbər verir ki, bu, UEFA komitələri sırasında ən nüfuzlusu sayılır. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına aid bütün məsələlər, o cümlədən dəyişilikliklər məhz bu komitədə müzakirə olunur və təsdiqlənir.

"Qarabağ" rəsmisi dünən UEFA Komitəsinin Cenevredə keçirilən toplantısında iştirak edib. Komitənin yeni tərkibdə ilk iclası (online) fevralın 1-də, ilk canlı görüşü isə martın 4-5-də İsveçrədə baş tutub. İclasda 2023-27-cü illər üçün Avropa kubokları ilə bağlı bəzi dəyişikliklər təsdiqlənib və ictimaiyyətə təqdim olunub. Bəziləri isə yaxın günlərdə açıqlanacaq. Açıq qalan məsələlər isə komitənin mayın 31-də Londonda keçiriləcək iclasında müzakirə olunacaq.

Qeyd edək ki, komitənin 16 nəfər üzvü var. Ora İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qrabvina rəhbərlik edir. Komitədə "Tottenhem", "Bayer", "Marsel", "Roma", "Ayaks", Fənərbaxça" və s. kimi Avropanın bir neçə nüfuzlu klubunun nümayəndələri də təmsil olunur. İclasda komitənin xüsusi məsləhətçisi qismində FİFA İcraiyyə Komitəsinin üzvü Fernando Qomez, Avropa liqalarından isə Danimarka Peşəkar Futbol Liqasının prezidenti Klaus Tompson iştirak ediblər. 

Xatırladaq ki, A.Əsgərov 2023-cü ilin sentyabrında Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar