“Hörmətsizlik deyil, sadəcə yorğunam” - Vernidub

"Neftçi azarkeşlərini təbrik edirəm. Bu, bizim üçün çox önəmli bir qələbə idi. Eyni zamanda bundan əvvəlki ağır məğlubiyyətə görə onlardan bir daha üzr istəyirəm. "Neftçi" elə bir komandadır ki, daim eyni yüksək səviyyədə oynamalı və rəqibə pressinq tətbiq etməlidir. Ötən matçda necə oynadığımızı gördünüz və 1:5 hesabı ilə uduzduq. Biz həmin məğlubiyyətdən lazımi nəticələr çıxardıq və məhz buna görə də bu gün meydanda yaxşı oyun nümayiş etdirdik".
Sports.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış matçda "Qarabağ" üzərində qazanılan qələbədən (2:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi gərgin matçın onu emosional baxımdan çox yorduğunu vurğulayaraq jurnalistlərdən anlayış göstərmələrini və bu dəfə sual verməmələrini xahiş edib:
"Sizdən bir xahişim var. Hazırda o qədər fərqli hisslər keçirirəm ki, mümkünsə, bu gün mənə sual verməyəsiniz. Qarşıda hələ 4 oyunumuz var, o zaman nə qədər istəsəniz, suallarınızı məmnuniyyətlə cavablandırmağa hazıram. Hazırda sadəcə oyundan uzaqlaşmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimi anlayışla qarşılayacaqsınız. Bu, qətiyyən sizə qarşı hörmətsizlik deyil, hər birinizə böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, siz həmişə maraqlı suallar verirsiniz və mən də onları səmimi şəkildə cavablandırıram. Lakin bugünkü gərgin matç məni emosional baxımdan o qədər yordu və bütün enerjimi aldı ki, bu dəfəlik sual-cavab hissəsi olmasa, daha yaxşı olar. İnanın ki, hamınıza dərin hörmətim var".





























