Sxadadze azarkeşlərdən üzr istədi

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında 1-ci Liqa təmsilçisi “Mingəçevir”lə qarşılaşıb.
Sports.az xəbər verir ki, Sumqayıtda keçirilən oyunda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin matçdan sonra mətbuat konfransı olub.
Gürcüstanlı çalışdırıcı mövsümə görə azarkeşlərdən üzr istədiyini bildirib:
“Azarkeşləri təbrik edirəm. Həmçinin, azarkeşlərdən mövsümə görə üzr istəyirəm. Çünki mövsümboyu sabit oynamadıq. Futbolçularımı təbrik edirəm. Şadam ki, yaxşı çıxış etdilər. Az qol vurmaqlarına görə narazıdırlar. Çünki kifayət qədər yaxşı imkanlarımız oldu. İlk hissədə oyunun taleyini həll edə bilərdik. Matçın favoriti biz idik. Daha güclü oynadıq, qələbə qazandıq.
Rəqib də yaxşı komandadır. Ramiz Məmmədov güclü komanda formalaşdırıb. Bu oyuna qədər gəlib çıxıblarsa, bu da Məmmədovun əməyinin hesabınadır.
Hazırda çox yorğunam. Sabah uçun getmək haqqında düşünürəm. Klub prezidenti ilə də az əvvəl danışdıq. Geri döndükdən sonra bəzi məsələləri müzakirə edəcəyik. Həqiqətən, jurnalistlərə böyük hörmətlə yanaşıram. Sadəcə, indi çox yorğunam. Qayıtdıqdan sonra heyətlə bağlı məsəslələri müzakirə edəcəyik.
Rza Cəfərov mövsümün ortasında bizə gəldi. Ona milli komandada uğurlar arzulayıram. Sadəcə, son oyunlarda Səlahət Ağayevə şans verdik, onun təcrübəsinə daha çox güvəndik. Oyunlar da onu göstərdi ki, yanılmadıq. Düzdür, Rzanın da əla keçirdiyi oyunlar oldu. Amma tam hazırlıq keçməmişdi”.





























