“Qarabağ”ın mənəvi ağırlığı

İdman jurnalistikamıza hər zaman qayğısı ilə seçilən Etopaz-ın dəstəyilə  "Qarabağ"ın Leverkuzen səfərinə 15 həmkarım getmişdi. Onlar Köln hava limanında VİP keçiddə qarşılandı və "BayArena"da yerləşən möhtəşəm otelə yollandı. Bilmirəm, indiyəcən nəvaxtsa həmkarlarımız belə bir halla üzləşmişdi, ya yox? Amma Etopaz-ın həmişəki məxsusi qayğısını yazımın əvvəlində vurğulamasan haqsızlıq edərəm.

Düzdü, bu jestə görə "Qarabağ"ı qarşılamaq üçün təxminən 6 saat Almaniyanın ən böyük aeroportlarından birində elan olunduğu kimi adi çıxışdan gələcəyini gözləyən mənim arzum gözümdə qaldı. Belə ki, komanda da VİP-dən çıxıb qaldığı otelə üz tutdu və təkbaşına qalacağım Leoso Hotelə getdim. Köln Almaniyada ən çox türkün yaşadığı 2 şəhərdən biridi. Bu yolçuluqda taksi sürücüsü də qardaş ölkədən 35 il öncə Almaniyaya köçdüyünü və artıq buranı doğma vətəni hesab etdiyini dedi. Bölgədə təxminən 5 min də azərbaycanlı ailənin yaşadığını isə "Qarabağ"ın oyununu özləmək üçün övladları ilə uzaq məsafə qət edib Leverkuzenə gələn keçmiş həmkarım Vüsal Aydından öyrəndim.

Həmkarlarımız qaldığı oteldə ilk söhbət etdiyim - Vilnüsdə yaşayan idman jurnalisti Rüstəm Mikayıllı Bundesliqanın hazırki lideri "Bayer"in gücündən danışıb ağdamlıların bu qarşılaşmada heç bir şansının olmadığını söylədi. Ötən il "Frayburq"un da Almaniya çempionatının lideri olduğunu, amma "Qarabağ"la oyunlarda böyük çətinlik yaşadığını, bir qədər möcüzəvi görünsə belə, heç-heçəyə ümid etdiyimi desəm də, Rüstəm "Bayer"i yaxından izlədiyini və təəssüf ki, heç bir ümid yeri olmadığını təkrar-təkrar vurğuladı.

Açığı, mən də "Qarabağ"ın bu son dərəcədə ağır səfərdən xalla dönməsinin fantastikaya bənzədiyini anlayırdım. Amma reallıq hissini itirib heç-heçədən dəm vururdum. Bizi reallıqdan uzaqlaşdıran isə elə Qurban Qurbanov və komandasıdı.

Təəssüf, olmadı. Bütün mütəxəssislərin, bukmekerlərin gözləntiləri doğruldu - "Qarabağ" uduzdu, həm də 1:5 kimi xoşagəlməz hesabla.

Bu bəlkə də nadir məğlubiyyətlərdəndi ki, demək olar ki, hamı əvvəldən bilirdi, gözləyirdi. Hər şeyə rəğmən uzaq məsafə qət edib Leverkuzenə ailəsi ilə gələn Vüsal Aydın da, Litvadan və İngiltərədən Almaniyaya yola çıxmış həmkarlarım Rüstəm Mikayıllı və Toğrul Bağırov da...
Oyundan sonra Düsseldorf hava limanına Toğrulla getdim. Yolda çempionumuzu tək qoymamaq üçün Avropanın müxtəlif ölkələrindən "BayArena"ya gəlmiş həmyerlilərimizlə söhbətləşdik. Hamısı "Uduzsaq da, "Qarabağ" fəxrimizdi!" dedilər.

Yaxşı ki, Qurban Qurbanov və ona şans verib uğurlu idarəçiliklə komandanı bu yerlərə gətirən klub rəhbərliyinin əməyini futbolu izləyən hər bir azərbaycanlı dərk edir. Ağdamın işğal günü Rəşad Sadıqovun "Rusenborq"a vurduğu fantastik qolla başlayan yolun davamı Avropa kubokunun qazanılmasınacan getməlidi!

"Qarabağ" - rəhbərliyinin də hər zaman qeyd etdiyi kimi sadə futbol klubu deyil, mənəvi ağırlığı olan dəyərdi. Tək dünyanın ən məşhur arenalarından birində, qarşılaşmanın 44-cü dəqiqəsində "Şəhidlər ölməz, vətən bölünməz" sədalarının daimi olması üçün bu dəyəri komandadan kluba çevirməyin zamanı çoxdan yetişib. "Bayer" bunu açıq şəkildə göstərdi. Bu yöndə ilk addım sözsüz ki, uşaq futbolundan başlamalıdı... 

Uşaq futbolu dedim yadıma düşdü. İndi çoxlarının "Turan Tovuz"un sponsoru kimi tanıdığı, amma dırnaqlı-dırnaqsız Qarabağa daim maddi-mənəvi dəstəyini əsirgəməyən, Vətən müharibəsindəki addımları heç vaxt unudulmayacaq Ehtiram Quliyev də komandamızı dəstəkləmək üçün Almaniyada idi. Ehtiram bəy Tovuzda ilk növbədə uşaq futbolu üçün lazım olan hər şəraitin yaradılacağını demişdi və söz adamı olaraq dərhal da əməli işə keçdi. 
Futbolumuzun indiki dövründə nə "Turan Tovuz"un, nə də hansısa başqa klubumuzun əsas komandalarının uğurları və ya uğursuzluqları çox da önəmli deyil. Əsas doğru təməlin qoyulmasıdır ki, Ehtiram bəy bir mənəviyyat adamı olaraq əsas fikrini bu səmtə - ən doğru istiqamətə yönəldib.

Huner Group və Etopaz rəhbərliyi kimi mənəvi adamların "Qarabağ" yanında olması, həm çox gözəldi, həm də sözsüz ki, təsadüfi deyil. 

Azərbaycan futbolu məhz mənəvi dəyərləri hər şeydən üstün tutan peşəkarlarla inkişaf edəcək!
"Qarabağ"ın Qarabağa və Azərbaycana avrokubok gətirməsi diləyi ilə...

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar