Avropa çempionu olan millimiz vətənə qayıdıb

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medalla komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
Sports.az xəbər verir ki, Heydər Əliyev Aeroportunda yığmamızın qarşılanma mərasimi keçirilib.
Böyük məşqçi Nurəddin Rəcəbov:
“Komanda olaraq çox yüksək səviyyədə hazırlaşmışdıq. Ardıcıl bir neçə təlim-məşq toplanışında iştirak etdik. İdmançılarımızın arasında zədəli olanlar da var idi. Böyük zəhmət bahasına bu qələbəni əldə etdik. Fürsətdən istifadə edərək, hər bir idmançımıza təşəkkürümü bildirirəm. Qazanılan 5 medaldan əlavə olaraq, komanda hesabında Avropanın ən güclüsü olduq. Ən güclü olmaq üçün komandada olan hər bira idmançı öz üzərinə düşən xalı hesaba yazdırdı. Təbii ki, xırda səhvlər var. Bunlar olmalıdır. Biz bundan sonrakı təlim-məşq toplanışlarında da, dünya çempionatı qabağı hazırlıqda da səhvlərin üzərində işləyəcəyik. Həsrət tarix yazdı. Gənclərdə böyük məşqçi olduğum vaxtdan tanıyıram. O qədər perspektivli idmançıdır ki, bilirdim ki, bu uğuru qazanacaq. Yəqin ki, finalı izlədiniz. Türkiyəli güləşçi hesabda öndə olanda belə içimdə güvən hissi var idi. Əmin idim ki, Həsrət hesabı dəyişdirəcək. Hər birimizi bu rekord nəticə ilə sevindirdi. Nəinki finaldan əvvəl, bütün görüşlərin öncəsində, təlim-məşq toplanışları zamanı, həmişə analiz edirdik. Bütün güləşçilərimizin üzərində təhlillər aparırdıq. Komandamızın bütün məşqçi heyətini də təbrik edirəm. Azərbaycan Güləş Federasiyanı, Gənclər və İdman nazirliyini və Milli Olimpiya Komitəsini ürəkdən təbrik edirəm. Ona görə ki, bütün təlim-məşq toplanışlarını, idmançılar üçün lazımlı olan vitaminlər və digər ehtiyacların hər birini gecikmədən, ardıcıl olaraq təmin edib, şərait yaradıblar.”
Həsrət Cəfərov:
“Üzərimdə böyük məsuliyyət var idi. Bilirdim ki, 4 qat Avropa çempionu kimi tarixə düşə bilərəm. Bunun üçün də çox yaxşı hazırlaşırdım. Çox ağır görüşlər keçirdim. Hazırlığımız yaxşı olmasaydı, bu görüşlərdə qalib gələ bilməzdim. Yarımfinal və finalda hesabda geri düşdüm. Buna baxmayaraq, geridönüş edib qələbə qazandım”.
Qurban Qurbanov:
“Təəssüratlarım çox yaxşıdır. Komandamız Avropa çempionu oldu. Mən də fərdi şəkildə Avropa çempionu oldum. Bu mənim ikincə Avropa çempionluğumdur. Bizdə bir neçə gün istirahət olacaq. Hansı tapşırıq verilsə, biz də ona əməl edəcəyik. Hər çempionluğun özünəməxsus çətinliyi vardı. Bu, məncə digərinə nisbətən daha çətin oldu. Çünki yarışdan əvvəl bir neçə zədəm olmuşdu. Ona görə bərpa olmaq, yenidən heyətə düşmək çox çətin oldu.”
İslam Abbasov:
“Yunan-Roma güləşi üzrə Avropa çempionatı həmişə gərgin mübarizə şəraitində keçir. Rəqabət güclü olduğundan bu yarışlarda təcrübə lazımdır. Bu yarışda bürünc medal qazandım. Gələn yarışlarda bu medalın əyarını qızıl etməyə çalışacam”.
Nihat Məmmədli:
“Bu il eyni şəhərdə reytinq turnirinin qalibi olmuşdum. Tiranaya yenidən çempion olmaq üçün yollanmışdım. Amma təəssüf ki, bəzi səhvlərə görə qızıl medalı əldən verdim və yarışı bürünc medalla başa vurdum. Bu, artıq mənim 4-cü Avropa çempionatı medalıdır. Buna görə sevinirəm. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı nəticələrlə xalqımızı sevindirərəm. Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Təlim-məşq toplanışlarımız da yaxşı keçmişdi. Komanda olaraq yaxşı nəticə göstərə biləcəyimizə inanırdıq və komanda hesabında çempion olduq”.
Rəşad Məmmədov:
“İki il əvvəl Avropa çempionatında gümüş medal qazanmışdım. Bura gümüş medalı qızıl etmək üçün gəlmişdim. Təəssüf ki, bəzi səbəblərə görə alınmadı. Çox şükür ki, vətənə medalsız qayıtmadım. Səhvlərimizin üzərində işləyib, qarşıdakı yarışlara daha yaxşı hazırlaşacağıq”.
Sənan Süleymanov:
“İlk öncə komandamızı təbrik edirəm. Avropa çempionu olduq. Nəticəm istədiyim kimi olmadı. Ümumi olaraq həm mən, həm də komanda yoldaşlarım yarışa yaxşı hazırlaşmışdıq. Bu dəfə mənim üçün uğursuz oldu. Növbəti yarışlara qədər səhvlərimin üzərində işləyəcəyəm. Qarşıda bizi dünya çempionatı gözləyir. İnanıram ki, dünya çempionatında medal qazanacağam. Olimpiya Oyunlarında medal qazanmağı qarşıma əsas hədəf qoymuşam”.
Xatırladaq ki, Avropa çempionatında Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.





























