Maqnus Karlsen: “Nicat güclü şahmatçıdır”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinalçılar müəyyənləşib. 

Sports.az xəbər verir ki, karyerasında ilk dəfə turnirin yarımfinalına vəsiqə qazanan Azərbaycan şahmatçısı Nicat Abasovun rəqibi dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç) olacaq.

Beşqat dünya çempionu turnirin rəsmi saytına açıqlamasında 1/4 final görüşü barədə fikirlərini bildirib: “Bu gün fərqli oyun oldu. Debütdən aşkar irəliləyiş görmədim. Sonra oyunun ortalarında kiçik üstünlük hiss olunurdu. Yekunda heç-heçəyə razılaşdıq. İlk görüşdə qalib gəlmişdim. Ümumi nəticə yarımfinalda iştirakımı dəqiqləşdirdi”.

Norveçli şahmatçı yarımfinaldakı rəqibi azərbaycanlı şahmatçı Nicat Abasovla bağlı verilən suala qısa cavab verib: “Nicat güclü şahmatçıdır. Dünya Kubokunda göstərdiyi oyun bu sözləri deməyə imkan verir. Bizi maraqlı mübarizə gözləyir”.

Sonda Maqnus Karlsen növbəti dəfə Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu söyləyib və Dünya Kubokunun yüksək təşkilatçılığını qeyd edib: “Yenidən Bakıda olmaq xoşdur. Təşkilatçılıq yaxşıdır. Buradan yaxşı təəssüratlarla ayrılacağam”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar