Azərbaycan millisinin üzvü BƏƏ-də 9-cu oldu

Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəni davam etdirir.

Sports.az xəbər verir ki, bu gün milli komanda veloturun üçüncü mərhələsində iştirak edib.

Velosipedçilər 117.13 km məsafəyə qrup ötüşməsində güclərini sınayıblar. “Dibba Flag Island”dan start götürən idmançılar “Wadi Al Helo Ladies Club” ərazisində finiş xəttini keçiblər. Yarış iştirakçıları marşrutun böyük hissəsini dağlıq yollarla hərəkət ediblər.

Artıq 3-cü gündür ki, Azərbaycan millisinin bütün üzvləri beynəlxalq yarışda uğurlu çıxışlarını davam etdirirlər. Bu mərhələdə də idmançılar xarakter göstərərək, yarışın sonuna qədər əzmlə mübarizə aparıblar. Onlar bir neçə dəfə pelotondan ayrılaraq önə çıxmağı bacarıblar.

Milli komandamızın üzvlərindən ən yaxşı nəticəni Musa Mikayılzadə göstərib. O, 2 saat 44 dəqiqə 56 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. Elçin Əsədov 47-ci (02h45'33''), Şahin Eyvazov 52-ci (02h46'40''), Elgün Əlizadə 59-cu (02h46'43''), Nəcəf Bağırov 85-ci (02h48'51''), Əli Qurbanov isə 91-ci (02h48'58'') yerlə kifayətləniblər.

Qazaxıstanın “Almaty Astana Motors” kontinental komandasının idmançısı Remkhı Rudolf (02h44'39'') mərhələnin qalibi olub.

Qeyd edək ki, 5 mərhələli yarışda 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçi mübarizə aparır. Velotura yanvarın 31-də yekun vurulacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar