“Bayern”in müdafiəçisi növbəti dəfə sıradan çıxdı

“Bayern”in müdafiəçisi Alfonso Deyvis yenidən zədələnərək sıradan çıxıb.
Sports.az xəbər verir ki, komandanın baş məşqçisi Vensan Kompani kanadalı futbolçunun UEFA Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçirilən cavab oyununda (1:1) əzələ zədəsi aldığını açıqlayıb.
Deyvis Bundesliqada “Volfsburq”a qarşı keçiriləcək növbəti matçı buraxacaq. Klub hələlik yekun diaqnozu açıqlamayıb və tibbi müayinənin nəticələrini gözləyir. Oyunçuda əzələ yırtığı aşkarlansa, o zaman futbolçu yalnız Bundesliqa qarşılaşmasını deyil, həm də Almaniya kubokunun “Ştuttqart”a qarşı final matçını da buraxa bilər.
Bu, 25 yaşlı futbolçunun 2025-ci ilin dekabrında meydanlara qayıtdıqdan sonra aldığı üçüncü əzələ zədəsidir. O, bundan əvvəl çarpaz bağlarını qopardığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.
“Bayern” rəhbərliyində Deyvisin əvvəlki formasına qayıda bilməməsi ilə bağlı narahatlığın artdığı bildirilir.





























