“Azər Bağırov “Şamaxı”da istədiyi komandanı qura biləcək" - Ayxan Abbasov

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov sports.az saytına bu gün "Şamaxı"ya təyinatı açıqlanan Azər Bağırov haqda danışıb, mütəxəssisin əyalət klubundakı perspektivləri haqda fikirlərini bölüşüb:
- Şamaxı yaxşı zonadı. Bakıya yaxındı. Büdcəsinə görə futbolçular üçün normal şəraiti var. Süni meydança olsa da, məşq prosesinin keçirilməsi üçün hər şey o qədər də pis deyil. Qalmaq və qidalanmaq baxımından da problem yoxdu.
Klub bu il işıqlandırma məsələsini də həll etmək istəyir. O zaman daha yaxşı olacaq.
Mövsüm bitəndən sonra futbolçuların "Şamaxı"dan kütləvi gedişi normaldı. Biz büdcəyə uyğun bəziləri ilə icarə əsasında, bəziləri ilə adi qaydada 1 illik müqavilə bağlamışdıq.
Azər Bağırov təcrübəli çətin situasiyalara düşmüş məşqçidi. Bu mövsüm ən yaxşı iş görən mütəxəssislərdəndi. Bəlkə də bizdə buna çox ciddi baxmırlar amma "Kəpəz" kimi komandanı Premyer Liqada saxlamaq, özü də pley-off oynamamaq yüksək qiymətləndirilməli işdi. Gəncəlilərin nə şəraiti, nə büdcəsi yekun nəticəyə uyğun deyildi. Bağırov gələndən sonra neçə legioner getdi. Yerli futbolçularla bu işi bacarmaq heç də asan deyildi və "Kəpəz" üçün böyük uğur idi.
"Şamaxı"da da nə edəcəyini bilir. İşini bilən məşqçilərdəndi. Azər Bağırova uğurlar arzulayıram. "Şamaxı" rəhbərliyi də imkan daxilində məşqçi üçün hər şərait yaratmağa çalışır, işə peşəkar yanaşırlar. Məşqçi üçün tam rahatlıq var.
Məncə, Azər Bağırov Şamaxıda istədiyi komandanı qura biləcək.





























