“Bakı-Xankəndi” yarışını ömrümün sonunadək xatırlayacağam”

İspaniyanın "Burqos" komandasının üzvü Coş Barnett "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışını ömrünün sonunadək xatırlayacaq.
Sports.az xəbər verir ki, yarışın 5-co mərhələsinin qalibi olan idmançı bu barədə mətbuat konfransında deyib.
Yeni Zelandiyadan olan velosipedçi həftənin əvvəlindən yaxşı hazırlaşdıqlarını söyləyib:
"Komanda olaraq turnirə yaxşı köklənmişdik. Bu gün vəziyyətdən asılı olaraq bir-birimizi önə keçirməyə çalışırdıq. Mənim qalib gəlməyimdə əsas bu rol oynadı. Çünki komandamız birlikdə çalışırdı. Yarış zamanı düzgün mövqedə yerləşməyimiz uğura gətirib çıxardı. Bəzi komanda üzvləri ön plana çıxmasalar da, qalibiyyətdə pay sahibi oldular".
O, peşəkar karyerasında ilk qələbəsini qazandığını söyləyib:
"Bu qalibiyyəti ömrümün sonuna kimi xatırlayacağam. Çünki ilklər yaddan çıxmır".
Qeyd edək ki, "Burqos" komandası ümumi hesabda "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının qalibi olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 000 avrodan çox olub.





























