“Bu mövsüm evdə yaxşı oynayırıq” - Ayxan Abbasov

“Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri görüşdən sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. "Sabah"a heç vaxt evdə qalib gəlməmişdik. Futbolçularıma inanırdım. Bu mövsüm evdə yaxşı oynayırıq. Fürsətlərdən yaxşı istifadə etdik. Qoldan sonra da şanslarımız oldu. İtkilərimiz çoxdur. Bu gün də Aleks Serrano cazalı duruma düşdü. Nəsə fikirləşəcəyik.

Bu il orta xətdə oyunçularımız zədələnir. Xəyal Nəcəfovu məcburiyyətdən dayaq yarımüdafiəçisi oynadırıq. Mövqe dəyişiklikləri edə bilərik. Bu gün Miller də zədələndi. Çempionatın sonuna yaxın belə hallar olur. Buna hazır olmaq lazımdır.

Təzyiq altında deyilik. Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda oynamaq istəyirik. Klub olaraq inkişaf edirik. Əgər şansımız varsa, bundan istifadə etmək istəyərik. Bu il bəzi komandalar çempionata zəif başladılar. Turnir cədvəlində bunun da rolu var. Gələcəyi fikirləşirik.

Bu il bizim üçün daha asan olacaq. Çünki, əksər oyunçuların bizimlə müqaviləsi var. Bununla yanaşı yeni futbolçular da cəlb olunmalıdır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar