“Qarabağ”a 2 qol vurmaq da böyük işdir” - Şahin Diniyev

"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Amerika kəşf etmək istəmirəm. "Qarabağ" Premyer Liqa klublarından yuxarıdadır. İlk dəqiqələrdən "Qarabağ"a problemlər yaratmaq istədik. Qol da vurduq. Sadəcə, futbolçularım "Qarabağ"dan çəkindilər. Topa nəzarət edə bilmirdik. İkinci hissədə "va bank"a getdik. "Qarabağ" səviyyəli komandadır, heyəti genişdir. Bu gün onlara 2 qol vurmaq da böyük işdir. Düzdür, bizə heç nə vermir. Amma komandada özünəinam yaradır. "Qarabağ"ı həm çempionluq, həm də beynəlxalq arenada göstərdiyi nəticələrə görə təbrik edirəm. 7 tur qalıb, şansımız var. Bunun üçün də mübarizə aparacağıq. Daha yuxarı yerlərə layiq komandayıq. Hər xal vacibdir. Aqressivliyimiz var idi. Sadəcə "Qarabağ" güclüdür. 1-2 futbolçunu bağlamaqla "Qarabağ"ı bağlamaq olmur. Hər komanda meydana xal üçün çıxır. "Qarabağ"la da oynamaq olar. Penalti epizodunda heç kontakt yox idi. Oyunçu sürüşə-sürüşə rəqibin ayağına dəydi. Qoldan sonra sistemi dəyişdik, dördlü müdafiəyə keçdik. Qol vəziyyətlərimiz oldu. 2-ci qolu vursaydıq, hesabı qorumağa gücümüz çatacaqdı”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar