“Prezident Kuboku”nda çox ölkənin iştirak etməsi sevindirici haldır” - Nazir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır.
Sports.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
O, Qarabağın dilbər guşəsi Ağdərədə ilk dəfə beynəlxalq yarış təşkil edildiyini söyləyib:
"Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında azad olunmuş torpaqlarda idman tədbirləri keçirilir. Bunların çoxu da beynəlxalq turnirlərdir. Avarçəkmədə isə bu beşinci tədbirdir. Bildiyiniz kimi, Suqovuşanda və Köndələnçayda "Prezident Kuboku" reqatası baş tutub. Burada kifayət qədər ölkə də iştirak edir. Bu da bizim üçün sevindirici haldır. Növbəti idman bayramı münasibətilə hər birinizi təbrik edirəm".
Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq





























