"Ümid edirəm tribunalarda boş yer qalmayacaq" - Kevin Medina

"Olimpiya" - "Qarabağ" oyununda ilk qolun müəllifi Kevin Medina qarşılaşmadan sonra hisslərini və düşüncələrini Sports.az saytı ilə bölüşüb.

- "Olimpiya" Sloveniyanın çempionudu. Bizi asan oyun gözləmədiyini bilirdik. Ev sahibləri matça çox istəkli başladı, təzyiqlə üzləşdik. Bu da rəqibin ciddiliyindən, nə qədər yaxşı komanda olmaqlarından xəbər verirdi. Qarşılaşmanın əvvəli bizim üçün çox çətin keçdi.
Buna baxmayaraq, təzyiqin öhdəsindən gələ bildik. Tədricən oyuna nəzarəti əlimizə aldıq və özümüzə xas futbol sərgilməyə başladıq. Bununla belə, rəqibin həmlələri kəsilmirdi, onların da təhlükəli vəziyyətləri olurdu. Allaha çox şükür ki, qapımızı toxunulmaz saxlaya bildik.
Səfərdə inamlı qələbə qazansaq da, bu bizi arxayınlaşdırmamalıdı. Mənə elə gəlir ki, Bakıda matç bizim üçün daha təhlükəli keçə bilər. Çoxları fikirləşə bilər ki, səfərdə qələbə qazanıblarsa, cavab oyunu bir içim su kimi rahat olacaq. Amma heç də belə deyil. Çünki, rəqibin itiriləsi bir şeyi yoxdu. Var gücləri ilə hər şey edəcəklər ki, istəklərinə nail olsunlar. Son ümid parçası varsa, ondan yapışacaqlar. Buna görə daha konsentrasiyalı və diqqətli olmalıyıq.
Təbii ki, doğma meydanımız və azarkeşlərimiz də bizim üstünlüyümüzdü. Ümid edirəm tribunalarda boş yerə qalmayacaq. Tərəfdarlarımız həmişəki kimi stadiona gəlib dəstəklərini əsirgəməyəcəklər. Çünki, Avropa Liqasının qrupuna yüksələ bilsək bu Azərbaycan futbolu adına da böyük uğur olar. Biz də öz növbəmizdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Digər bir məqama da toxunmaq istəyirəm. Təəssüf ki, bu cür vacib oyun ölkədə əvvəldən yayımlanmadı. Düzdü, internet üzərindən linklərdən baxmaq olardı. Amma yerli kanalların hansısa səbəbdən qarşılaşmanı tam yayımlamaması məni çox üzdü. Dostlarıma, ailə üzvlərimə, Kolumbiyadakı tanışlara hansı kanalın oyunu göstərəcəyini demişdim. Onların baxa bilməməsinə görə çox məyus oldum. Ölkə futbolu adına da yaxşı hal deyil. "Qarabağ" Azərbaycan komandasıdısa, yerli kanal bu cür önəmli mücadiləni nümayiş etdirməlidi. Ümidvaram gələcəkdə təkrarlanmaz. Çünki, "Qarabağ" Azərbaycanı qitədə layiqincə təmsil edir. Avropa Liqasının qrup mərhələsini təmin etsək, Bakıya ad-sanlı komandalar gələ bilər. Buna görə də, hər şey yüksək səviyyədə olmalıdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar