"100 il də Moskvada yaşasam, Azərbaycan mənim üçün Azərbaycandır"

Aftandil Hacıyevin “Səbail”i tərk etməsi ilə köməkçiləri də komandadan ayrıldı.

Düşünmək olardı ki, Emin Ağayevin adına qısa müddətdən sonra başqa klubda rast gələcəyik. Hər halda uzun illər millimizin şərəfini qorumuş, vaxtilə Rusiya Premyer Liqasında oynamış tanınmış simanın adı “Sabah” və “Sumqayıt”la yanaşı hallanırdı.
Olmadı, alınmadı. Ağayev indi Moskvadakı evində oturub dost-tanışı vasitəsi ilə özünə iş axtarır.
Belə məqamda Emin bəylə danışmaq zərurətini hiss edib onunla əlaqə saxladıq. Sabiq “2 nömrə” Sports.az-ın suallarını məmnuniyyətlə cavablandırdı.

- Moskvadasınız bildiyimə görə.

- Hə, buradayam.

- Necədir orada vəziyyət?

- Şükür, yaxşılıqdır. Yaşananlar Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə elə də hiss olunmur. Hiss etdiyimiz qiymət artımıdır ki, get-gedə buna da alışırıq. İnsanlar başını aşağı salıb yaşayır.

- Hazırda nə işlə məşğulsunuz?

- Ev işləri ilə (gülür). İş axtarışındayam, agentlərlə, məşqçilərlə, vaxtilə birlikdə futbol oynadığım dostlarla əlaqədəyəm. Görək nə olur.

- 4 il çalışdığınız “Səbail”i tərk etdiniz. Bu, həm də Azərbaycandan ayrılmağınıza səbəb oldu.

- Mənlik bir şey olmadı. Aftandil Hacıyev getdi, bizdə ayrıldıq. Baş məşqçi gedəndən sonra bizim qalmağımız heç bir cəhətdən düzgün olmazdı. Düşünürdüm, bəlkə başqa klublardan dəvət olar. Maraqlanan, zəng edən olmadı, qaldım Moskvada.

- “Sabah”la “Sumqayıt”ın maraq dairəsində olduğunuz deyilirdi.

- Boş söhbətlər idi. Bu günə qədər heç kim mənimlə danışmayıb. Danışan olsaydı, Aftandillə məsləhətləşib qərar verərdim.

- Aftandil Hacıyev “Səbail”də qalsaydı, siz də qalacaqdınız?

- Əlbəttə.

- “Səbail”lə yeni müqavilə bağlamışdınız. Amma çox keçmədən rəhbərlik anlaşmaya arxa çevirib fərqli qərar verdi.

- Müqaviləni bağlayıb sakit şəkildə Moskvaya gəldim. Bütün əşyalarımı Bakıdan qoymuşdum ki, yeni müqavilə bağlamışıq, qayıdacağam. Bir də eşitdim ki, məşqçilər heyəti ilə yollar ayrılıb. Bakıya gedib əşyalarımı toplayıb 2 həftədən sonra qayıtdım Moskvaya. İndi istəyirəm Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edim.

- Nə ilə bağlı?

- Azərbaycan pasportu üçün.

- Azərbaycan pasportunuz var idi axı.

- Millidə oynayanda var idi. Onun vaxtı qurtarıb. Yenisini əldə etmək üçün səfirliyə getməliyəm. 1992-ci ildə Azərbaycanı tərk edəndə ikili vətəndaşlıq söhbəti yox idi. O vaxt şəxsiyyət vəsiqəsi də yox idi və yığmada oynadığıma görə xarici pasportum vardı. İndi qaydalar dəyişib, səfirliyə müraciət etməklə Azərbaycan pasportu da ala bilərəm.

- 4 il “Səbail”də işlədiniz. Nə əcəb həmin müddətdə düzəltdirmədiniz?

- Əslində belə bir fikrim var idi. Hətta bunun üçün “Asan xidmət”ə də getmişdim. Orada mənə o qədər sənəd dedilər ki, başımı itirdim (gülür). Vaxtilə yaşadığım ünvanla bağlı nə qədər yerə getməliydim. Təxminən 10-15 sənəd yığmalıydım, ona da vaxtım yox idi.

- “Səbail” rəhbərliyi sizinlə bu gün müqavilə bağlayıb, 2 həftədən sonra “lazım deyilsiniz” dedi. Göz görə-görə aldatdılar sizi.

- Nə deyim...

- Bəs, niyə şikayət etmədiniz?

- Aftandilin başının üstündən iş görmək istəmədim. Mən “Səbail”də legioner sayılırdım. AFFA-ya, RFİ-yə və UEFA-ya rahat şəkildə şikayət edə bilərdim. Məhz Aftandilə görə susdum.

- Yeni müqavilədən heç nə vermədilər?

- Ayrılanda 2 ayın maaşını verdilər. 1 ay ötən sözləşmədən qalan idi – mayın məvacibi. 1 ay da yeni müqavilədən verdilər – iyunun pulunu.

-  Belə çıxır ki, bu gün Azərbaycanda heç kimə lazım deyilsiniz. Razısınız?

- Razı oldum, ya olmadım – heç nə dəyişmir. İllər öncə demişdim ki, Azərbaycanda heç olmasa bir nəfər tarixi vərəqləyib CV-imə baxsın. Hansı komandalarda oynamışam, işləmişəm, hansı məşqçilərin rəhbərliyi altında çıxış etmişəm, hansı futbolçularla komanda yoldaşı olmuşam... Dediklərim özümə qaldı. Heç kim açıb baxmadı. “Anji” ilə Premyer Liqada işləmişəm, “Dağdizel”, “Volqa”nın (Tver) baş məşqçisi olmuşam. Görünür, bunlar heç kimə maraqlı deyil, ya da mən maraqlı deyiləm.

- Bir şey də var ki, hər məşqçinin öz korpusu var. Hara getsə, həmin adamları aparır.

- O da düzdür, futbolun yazılmayan qanunudur. Bəs, millilər? U-16, U-17, U-19? Yığmalara da təcrübə lazım deyil? Halbuki indiyə qədər bütün yaş qruplarında işləmişəm, təcrübəm var.

- Aftandil Hacıyev hansısa komandaya baş məşqçi getsə sizə dəvət göndərər?

- Bunu özündən soruşsanız yaxşı olar. Çağırar, can-başla gedərəm, çağırmaz, heç nə demərəm, incimərəm. Necə deyərlər, yaşayıb görərik.

- Münasibətiniz necədir?

- Əla. Tez-tez danışırıq. Sonuncu dəfə avrokubok təmsilçilərimizin oyunlarından sonra danışmışdıq. Hərə öz fikrini dedi, müzakirə apardıq.

- Oğullarınız futbolu atmayıb ki?

- Balaca oğlum uzaqlaşdı, İT mühəndisliyini seçdi. 19 yaşı var, indidən özünə karyera qurmaq istəyir. Böyük oğlum Rafaelin 24 yaşı var, ikinci liqada çıxış edən “Znamya Truda” komandasında oynayır. 

- Futbolçu kimi Emin Ağayevə oxşarlığı var?

- Bir az...

- Çox oxşamağa nə imkan vermir?

- Dünya görüşü, futbol mentaliteti. Mən SSRİ-nin tərbiyəsini görüb-götürmüşdüm, o, Moskva düşüncəsi ilə böyüyür. Bizim sovet dönəmində acından öldüyümüz vaxtlar idi, indi hər şey var.

- Məhz bu məqam gənclərin inkişafına mane olur demək istəyirsiniz.

- Əlbəttə. Həm də çox mane olur. Çox sakit və rahatdırlar. Hər şey asanlaşıb. Lazım olanda maşın, olmayanda metro ayağının altındadır. İstədiyin vaxt istədiyin yerə gedib dincələ bilirsən. Bizim dönəmdə fərqli idi. Yenə də Allah canlarını sağ eləsin, Allah bütün balaları qorusun!

- Azərbaycan millisində, “Neftçi”, “Anji”, “Ximki”, “Baltika”, “Volqa” kimi komandalarda çıxış etmisiniz. Vaxtilə qazandığınız pullardan özünüzə iş-güc qura bilmisiniz?

- Mən işə-gücə qaçan adam olmamışam. Oynadığım dönəmlərdə ancaq futbolu, ailəmi və doğmalarımı düşünmüşəm. Bəli, qazanmışam, amma qazandıqlarımı da ailəmə etmişəm. Özümə mənzil aldım, ev tikdirdim, bacıma mənzil aldım, imkanı olmayan yaxınlarıma kömək etdim, kateqoriyaları almaq üçün xərclədim.

- Amma hələ də Pro kateqoriyanız yoxdur.

- “Pro”nu oxumaq üçün pul yığa bilməmişəm. Allahın köməkliyi ilə toplayıb oxuyacağam. Bütün yaşananlara baxmayaraq, 4 il Bakıda mənə çox rahat idi. Ölkəmi, şəhərimi, insanlarımı sevirəm. 100 il də Moskvada yaşasam, Azərbaycan mənim üçün Azərbaycandır. Hava limanında növbədə dayananda futbolu sevən azarkeşlər yol verirdi ki, Emin, keç. Küçədə-bayırda görənlər yaxınlaşıb hal-əhval tuturdu. Həyatda insan üçün bundan gözəl nə ola bilər? İnşallah, nə vaxtsa klublarımızdan, ya milli komandalarımızdan hansısa xidmətimdə maraqlı olsa, can-başla işləyərəm.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar