“Azərbaycanla heç-heçə etsəydik, sensasiya olardı”

Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka "FIFA series - Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Məğlub olduğumuz üçün çox məyusam. Bu gün yaxşı rəqibə qarşı oynadıq. Demək olar ki, 90 dəqiqə ərzində qol buraxmadıq. Müdafiə baxımından komandamız yaxşı çıxış etdi. Amma bu da azdır. Gərək hücumda da artıraq. Hücumlar etmək lazımdır. Kiçik ölkəyik, yavaş-yavaş kiçik addımlarla inkişaf etməliyik. Məyusam. Amma oyunçularıma təşəkkür etdim. Fantastik çıxış etdilər. Növbəti oyun haqda fikirləşəcəyik.

Azərbaycan millisi yüksək səviyyəli komandadır. Ən azından bizim üçün. Belə komandalara qarşı oynamaq yaxşı təcrübədir. Asiyada əsasən zəif komandalarla oynayırıq. Bugünkü standart  fərqli idi. Yaxşı rəqibə qarşı oynayırıq. Biz keçən il Gürcüstana qarşı oynamışdıq, ilk yarı 1:1 idi, sonda 1:6 uduzduq. Bu gün Azərbaycana qarşı yaxşı müdafiə olunduq.

Avropa komandasına qarşı ikinci oyunumuz idi. Heç-heçə etsəydik, sensasiya olardı. Keçən il Səudiyyə Ərəbistanına qarşı oynayırdıq, sona üç dəqiqə qalmış 1:0 öndə idik. Amma üç qol buraxıb, uduzduq. Bu gün də eyni şey baş verdi. Hər zaman müdafiə olunursansa, enerji itirirsən. Düşünürsən ki, müdafiə olunuram, bu dəqiqə qol buraxacam. Belə düşünsən, qol buraxacaqsan. Amma hücum etməyi düşünsək, qol buraxmayacağıq. Bu düşüncə tərzini dəyişməliyik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar