“Kamran Quliyev heyrətamiz adamdı” - Boris İqnatyev 

Boris İqnatyev postsovet məkanının ən nüfuzlu futbol mütəxəssislərindəndir. O, uzun illər SSRİ U-19, Olimpiya, Rusiyanın əsas yığma komandalarına rəhbərlik edib. Boris Petroviç Kiyev "Dinamo"su, Moskva "Lokomotiv"i, "Dinamo"su və "Torpedo"su, Rusiyanın və başqa ölkələrin bir çox başqa klublarında çalışıb.

Tanınmış mütəxəssisin "Ferentsvaroş" - "Qarabağ" oyununu izləmək üçün link istəməsi bu müsahibənin yaranmasına səbəb oldu. İqnatyev Rusiya televiziyalarında bu oyunun yayımlanmaması səbəbindən internet vasitəsilə qarşılaşmanı izləyəcək. Ona “CBC Sport”un canlı yayım linkini göndərib söhbətimizə başladıq. 

- Boris Petroviç, futbolda intelligent, mədəni adamların uğur qazanması bir qədər çətin görünür. Siz bunu necə bacardınız? 
- Mən başqa xarakterdə olsam, ona-buna pislik etməyi düşünsəm, başqa neqativ fikirlərlə beynimi doldursam, heç vaxt işləyə bilməzdim. Düşünürəm ki, hərə öz işini vicdanla yerinə yetirib, ayrı mənfi fikirlərlə özünü yükləməsə, həmişə uğur qazana bilər.

- "Qarabağ" - "Ferentsvaroş" oyununu izləmək istəyirsiniz. Bu qarşılaşmada sizin üçün maraqlı olan nədir?
- Əvvala, qardaş Azərbaycan ailəsinin futbolunun bu günü haqda məlumat almaq üçün gözəl fürsətdi. Çempionlar Liqası qitənin ən nüfuzlu turniridi. Və burda hamı bacarığını tam gücü ilə ortaya qoymağa çalışır.

İkincisi, Stanislav Çerçesov macarları çalışdırır. Həm onun, həm Qurban Qurbanovun futbol fəlsəfələrini əyani şəkildə görmək istəyirəm.

Bu oyuna Rusiyada çox böyük maraq var. Yuri Syominlə birgə baxacağıq. Düşünürəm ki, Azərbaycanda da "Neftçi", "Sabah", "Qəbələ" və başqa klubların azarkeşləri də bu gün "Qarabağ"ı dəstəkləyəcək. 

- Qurban Qurbanovla tanışlığınız varmı? 
- Deməzdim ki, yaxın dostuq. Tanışıq, ünsiyyətimiz olub. Adam 15 ilə yaxındır vicdanla bir kluba xidmət edirsə, hörmətə layiqdi. Bu, böyük səbr, daxili resurlar, yeni fikirlər axtarışı tələb edir. Bu qədər müddətdə oyunçuları nəyin hesabına özünə çəkə bilir, onu anlamaq çətindi. Burda ona olan dəstək amili də çox vacibdi. Ümumiyyətlə, çox nüanslar var. Məsələn, oyunçuları hansı ideya ətrafında birləşdirirsən. Onları komandaya kim kim dəvət edir? Baş məşqçi, yoxsa kluba pul qoyan adamlar?

Yəni burda xeyli suallar var və professianallar üçün də çox maraqlıdır ki, bir adam sabit uğur qazanan komandaya 15 ilə yaxındır necə rəhbərlik edir? Bu, çox böyük bacarıq, böyük incəsənətdir və möhkəm xarakterin göstəricisidir, məşqçi yaradıcılığı istedadıdır.

- Azərbaycan futbolunu izləyirsinizmi? 
- Əlbəttə. Birincisi, mənim bir həyati bağlılığım var. Yaxınım Murad Musayev "Sabah"a rəhbərlik edir. Bundan başqa SSRİ yığmalarında mənim rəhbərliyimlə çalışmış İqor Ponomaryov, Vladislav Qədirov, Arif Əsədov, Emin Ağayev, Dmitri Kramarenko və bir çox başqa futbolçular var. "Neftçi" Tulada "Arsenal"la oynayanda mən də getmişdim. Klub prezidenti Kamran Quliyevi çox yaxşı tanıyıram. O heyrətamiz insandı. Bu mənada heyrətamiz ki, yüksək intellekti, insanlara münasibəti nöqteyi-nəzərindən. Belə adamlar indi çox nadir hallarda olur. Və onunla bizim sözümüz, xarakterimiz çox yaxşı tutdu. O məni dəvət etmişdi. Əvvəl Tulaya, sonra cavab oyununa Bakıya getdim, dörd oyunlarını izlədim. 

- Azərbaycan və Rusiya futbolunun ən ciddi problemi nədir?
- Problemlərimiz eynidir. Biz oyunçu hazırlamırıq. Çünki, dərhal nəticə vermək lazımdı. Bu fəlsəfə isə çox yanlışdır. Amma futbola pul buraxan adamlar müvəqqəti olduqları üçün perspektivi yaxın qoymurlar. Buna görə də bizdə böyük futbolun fundamenti primitiv səviyyədədir. Yəni bir sistem, üsul yoxdur ki, istedadlı uşaqları götürüb artıq 16-17 yaşında hazır futbolçu kimi təhvil verəsən. Detallara çox varmamaq üçün deyim ki, əsas problem uşaq-yeniyetmə futboludu. Bu sahədə çox böyük çatışmazlıqlar var. Buna görə də, indi sizdə "Qarabağ", bizdə isə "Zenit" daha çox braziliyalıların, başqa ölkələrdən gələn legionerlərin hesabına uğur qazanır.

Mən "Neftçi"də baza tikilməsini, uçaqlarla işi gördüm. Çalışırlar, amma dünyanın aparıcı nümunələri əsasında bu işi görmək lazımdı. Yəni ən yüksək səviyyədə. Fundamenti düz qurmalısan, yalnız yaxşı futbolçu yox, şəxsiyyət formalaşdırmalısan. Əsas məsələ budu. Uşaq futbolunda məşqçi kuboka, çempionluğa yox, yetişdirdiyi futbolçuya görə pul qazanmalıdı, mükafat almalıdı. İkinci məqam, məşqçi kadrlarıdı. Sovet dövrü biz məşqçilik məktəbində 2 il oxuyurduq və buna görə bizə hər ay pul da verirdilər. Uşaq futbolunda bu işi mükəmməl bilən, hər bir nüansdan xəbərdar olan adamlar çalışmalıdır. Yalnız kitabda yazılanları yox, özlərinin keçdiyi yol, həyat bunu diqtə edir. Mən təcrübəmə əsasən də deyirəm ki, sovet dövründə hansı məktəbdə savadlı, peşəkar məşqçi işləyirdisə, orda yaxşı uşaqlar yetişirdi. Məsələn, indi sizdə Vladislav Qədirov uşaq məşqçisi işləyir. Onun futbolda keçdiyi yol, uşaqlara hər bir elementi göstərə bilməsi, danışması çox vacibdi. Məşqçi daim metodiki ədəbiyyatı oxumalıdı. Yəni düşünürəm ki, həm Azərbaycan, həm də Rusiya futbolunun birinci problemi uşaq-yeniyetmələrə lazımi diqqət ayrılmaması, düzgün fundament qurulmamasıdır.

- Yəqin ki, ölkələrimizdən dünya sıviyyəli futbolçu çıxmamasının əsas səbəbi də budur. 
- Azərbaycanda yaxşı futbolçular olub. Anatoli Banişevski, Ələkbər Məmmədov, Yuri Kuznetsov, Kazbek Tuayev və bir çox başqalarının adını çəkə bilərəm. Amma təbii ki, bəzi məsələlər genetikdi, Allahın vergisi ilə olur. Biz nə qədər istəsək də, deyək ki, ispanlar kimi oynaya bilmərik. Onların genindən gələn üstünlükləri var. Amma bizdə başqa üstünlüklər var. Məsələn, rusiyalı futbolçular daha çox, fiziki hazırlığın, sürətin üzərində işləməlidilər, bunu daha da inkişaf etdirməlidilər. Biz ispanları və ya gürcüləri kopyalamalı deyilik. Öz üstünlüklərimizi daha da inkişaf etdirməyə çalışmalıyıq. Biz istəsək də, gürcülər və ya ispanlar kimi rəqs edə bilmərik. Onlar başqa cür rəqs edir, ayaqları başqa cür işləyir. Hər xalq öz xizəyində sürüşməlidir. İkincisi də, futbol bir qırağa, başqa sahələrdə də dünya səviyyəli adam 100 ildən bir çıxır. Puşkin, Tolstoy, Dostoyevski hər il olmur. Futbolda da elədi. Amma ümumi fonda yaxşı hazırlıqlı oyunçuların siz deyən səviyyəyə yüksəlmək şansları çox olur. Məsələn, SSRİ dağılanda Rusiyadan 48 oyunçu Avropaya getdi. "Mançester Yunayted"dən "Barselona"ya (Andrey Kançelskis və İqor Korneyevi nəzərdə tutur red.) ən yaxşı klublarda oynayırdılar. Çünki, sovet dövrü uşaq-yeniyetmə futbolu ilə bağlı bəlli tələblər, qanunlar vardı. Məşqçilərin maaşı, mükafatı, hər şey oyunçu yetişdirib-yetişdirməməyə bağlanırdı. Həm məşqçilərdə, həm futbolçularda məsuliyyət fərqli idi. Hər il 3 dəfə futbolçunu test edirdilər ki, məşqçi buna nəsə verir, yoxsa elə-belə öz-özünə böyüyür. Hər il 1320 saat uşaq məşqçisi məşq keçməli idi. Amma yalnız bununla kifayətlənmək olmazdı. Hakimiyyətdəki böyük məmurların futbolçu yetişməsinə ciddi marağı vardı və məşqçilər bunu gözəl anlayırdı. Şərait yaradılmışdı, amma nəticə də tələb olunurdu. Məşqçilərə ciddi nəzarət vardı. İnternat məktəbləri, xüsusiləşdirilmiş Olimpiya ehtiyatları məktəbləri gündə 2 dəfə işləyirdi. Bu gün siz bunu harda görə bilərsiniz ki, gündə iki dəfə uşaqlara məşq keçilsin? İşin keyfiyyətinə nəzarət vardı. Bütün bunlar beynəlxalq səviyyəli futbolçuların yetişməsinə kömək edirdi. Mənim bildiyim, gördüyüm ən doğru yol budu. 

- Kamran Quliyevdən danışdınız. Onunla necə tanış olmusunuz? 
- Azərbaycanlı Akim Arzumanov var, bizim futbolda çoxdan çalışır. Əvvəl "Anji"də işləyib. İndi də Hacı Hacıyevlə Mahaçqaladadı. "Mahaçqala"nın icraçı direktorudu. Quliyevlə çox yaxın dostdur. O bizi tanış etdi, sonra da özümüzün sözümüz tutdu.

Bakıda dostlarım çoxdu. Arif Əsədova görə çox sevinirəm, o hazırda millinizdə çalışır, mənim rəhbərliyimlə SSRİ Olimpiya yığmasında oynayıb. İqor Ponomaryova böyük salamlarımı çatdırın. Vladislav Qədirovun prezident İlham Əliyevin onu təltif etdiyi fotosunu gördüm, fəxr etdim. Dövlət başçınızın idmana və futbola diqqəti haqda məlumatım var. Emin Ağayev, Dima Kramarenko mənim rəhbərliyimlə oynayıb. 82 yaşım var, kimisə unuduramsa, üzrlü saysınlar. Amma Azərbaycandan həm yaxşı insan, həm də yaxşı futbolçu kimi tanıdığım adamlar az deyil. Azərbaycan futbolunun uğurlarına hər zaman sevinirəm və həm "Qarabağ"a, həm də "Neftçi"yə çətin Avropa sınağında uğurlar arzulayıram!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar