\"Qarabağ\" üçün rəqibin fərqi yoxdu, istəyir \"Ferentsvaroş\" olsun, istəyir \"Barselona\"

"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye Sportal.az saytına müsahibə verib. Sports.az xəbər verir ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Sürix"lə oyunuöncəsi İsveçrəyə yollanan haitili Ağdam klubunun növbəti mərhələyə adlamasını canlı izləyib. 

- "Qarabağ"ın "Sürix"lə oyunu üçün İsveçrəyə yollanmışdın və matçdan əvvəl Qurban Qurbanovla da görüşmüşdün. Oyundan əvvəl nə söhbət etdiniz?
- Bəli, oyundan əvvəl Qurban Qurbanovla görüşdüm. Ailəm, şəxsi həyatım, futbolla bağlı soruşdu. Hər şey yaxşı alındı. Hər halda bu komandada uzun müddət oynamışam. Qurban Qurbanov baş məşqçim olub. Orada olanda da səhvlərimə görə üzr istəmişəm ondan. İsveçrədə də onunla hər şeydən danışdıq.

- Matçı da izlədin. Görüş barədə fikrin necədi?
- Oyunu izləmək üçün Sürixə uçmuşdum. Bəli, oyuna sona qədər baxdım. Oyundan əvvəl və sora futbolçularla da görüşdüm, danışdım, onlara uğurlar arzu etdim. Həqiqətən də stressli matç alındı. İlk yarıda çox stressli idim. Düzünü desəm, meydanda olsaydım, bu qədər stressli olmazdım. Ancaq kənardan izləyəndə daha stressli oldum. Çünki "Qarabağ"ın qalib gəlməsini istəyirdim. Hər halda "Qarabağ" bütün gücünü meydanda qoydu. Layiqli mərhələ adladılar. "Qarabağ"a afərin.

- Son dəqiqədə "Qarabağ" ikinci qolu buraxdı və həmin an nə düşündün?
-"Qarabağ" özünəməxsus oyun üslubu olan komandadı. Heç vaxt oyundan əvvəl başımızı aşağı salmırdıq. Məndən asılı olan hər şeyi meydanda verirdim. İndi də komandada bu cürdü. Sona qədər onlar mübarizə apardı. "Qarabağ" "Sürix"ə qarşı meydanda əsl mübarizə apardı. Futbolçular əla oynadı. "Qarabağ" azərbaycanlılar üçün milli komandadı. 
 

- Növbəti mərhələdəki rəqib "Ferentsvaroş"du. Səncə, "Qarabağ" bu komandanı keçə biləcək?
- "Qarabağ" "Ferentsvaroş"la da sona qədər mübarizə aparacaq. "Qarabağ" üçün rəqibin fərqi yoxdu, istəyir "Ferentsvaroş" olsun, istəyir "Barselona". Bu komanda həmişə döyüşür, bu da mənim ən çox bəyəndiyim məsələdi. "Qarabağ"a uğurlar arzulayıram. Ümid edirəm ki, Allah onlara kömək olacaq. Bu komandada oynayanlar əsl döyüşçülərdi. 

- "Qarabağ"da hansı futbolçunu bəyənirsən?
- Kadi Borges ən çox bəyəndiyim futbolçulardandı. O, böyük xarakterə malikdi. "Qarabağ" üçün çox vacib oyunçudu. "Sürix"lə matçda 2-3 dəfə top itkisinə yol verdi, amma pressinq edib yenidən topu qazandı. Elə olurdu ki, 30-50 metrdən pressinq edirdi. Bu, böyük xarakterdi. Pressinq edib topları qazanırdı, "Qarabağ" da əks-hücumlar təşkil edirdi. Bu cür oyunu sevirəm, hörmət bəsləyirəm. Bu o deməkdir ki, futbolçu komandanın uğuru üçün hər şey edir. Hamının səhvi ola bilər. Ulduz futbolçular da səhv edir. Əsas odur ki, əlindən gələni edəsən. Bunu millidə də, klubda da etməlisən. Mən də bu cür etmişəm. "Qarabağ"ın hər oyunçusu döyüşkəndi, meydanda maksimumu edir. Onlar böyük işlər görürlər. Əsas odur ki, uğur üçün hər şeyi edirlər. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar