Halal komanda!

Məncə, futbol tariximizin indiyəcən ən fantastik və dramatik oyunları "Qarabağ" - "Braqa" qarşılaşmalarıdı.

Xatırladım ki, Portuqaliyadakı möhtəşəm qələbəni stadiondan izləmək xoşbəxtliyi bir qrup Azərbaycandan getmiş idman jurnalistinə də nəsib oldu. İdman mediamızın daimi dəstəkçisi ETOPAZ Azərbaycan futbolunun bu parlaq tarixini işıqlandırmamız üçün də yüksəksəviyyəli səfər təşkil etmişdi. Heç şübhəsiz ki, həmkarlarımla həyatımızın ən unudulmaz matçına canlı şahidlik edə bildik!

Braqa gördüyüm ən hüzurlu və səliqəli şəhərlərdən oldu. Amma təbii ki, Portuqaliyanın bu əyalət şəhəri öncəliklə ilk dəfə Avropa Liqasının 1/16 final mərhələsində oynayan Azərbaycan komandasının sensasiyalı qələbəsilə yaddaşlarda əbədi iz buraxdı. 

"Qarabağ"ın Braqa zəfərinin ertəsi Bakıdan gəlmiş həmkarlarla valehedici gözəlliyə malik Portu şəhərinə yollandıq. Bir idman jurnalistinin Portuya gəlib, Çempionlar Liqası daxil dəfələrlə avrokubokları qazanmış "Portu" Futbol Klubunun stadionunu - "Draqao"nu ("Estádio do Dragão") görməməsi günah olardı. Həm bu möhtəşəm arenanı, həm "Portu" klubunun rəsmi mağazasını gördük. 

"Draqao" azərbaycancaya tərcümədə "Əjdaha" deməkdi. Möhtəşəm arenanı dövrə vuranda, Portuqaliyanın az qala hər kəndində peşəkar futbol klubunun, stadionların olduğunu biləndə istər-istəməz ağlımıza "Bizdə bu əjdahadan niyə yoxdu?" sualı gəlirdi. Səbəbini bilsək də... 

Azərbaycan futbolunun başında duranlar dövlətimizin və beynəlxalq qurumların ayırdıqları milyardlarla vəsaiti təyinatı üzrə istifadə etmədi... Bu sahəni idarə edənlər, dəllallar gücləndi, varlandı. Ölkəmizə, dünyaya istedadlı futbolçu əvəzinə, beynəlxalq dərəcəli dələduzlar yetişdirildi, gözümüzün qabağında oliqarxa çevrildilər...

İndi 2024-cü ildi və milyardlarla vəsaitin dağıdıldığı Azərbaycan futbolunda uşaq futbolu üçün elementar şərait belə yatadılmayıb, yəni, heç bünovrənin qurulmasına başlanmayıb...

Bu mənada "Qarabağ"ın uğurları fövqəltəbii hadisədi, nadir istisnadı. Bu klubun özünün belə, əsas komandalarına yaraşan normal akademiyası, şəraiti yoxdu. 

Amma "Qarabağ"da Abdolbari və Tahir Gözəl kimi ağıllı və təmkinli rəhbərlər, Emrah Çelikel və Asif Əsgərov kimi peşəkar idarəçilər və uğurların baş memarı Qurban Qurbanov kimi fenomen var.

Ümumiyyətlə, nəticələrdən də göründüyü kimi "Qarabağ"ın əsas komandasında işlər Azərbaycan milliləri və digər klublarla müqayisədə daha üst səviyyədə qurulub. İstər məşqçi heyəti, istər klub idarəçiləri, istərsə də ən sıravi işçilər peşəkardı. Ən əsası, vəzifələrini VİCDANla icra etməyə çalışırlar! Deyək ki,  "Qarabağ"ın transferlərlərinə baxanda bunu dərhal sezmək olur.  

"Qarabağ" klubunun rəhbərliyinin, məşqçilərinin, digər işçilərinin başqalarından fərqi məhz budu. Onlar kluba yırtıcı gözü ilə baxmır, qarşılarına "mümkün qədər çox yeyinti etməliyik" məqsədi qoymur, filan oyunçunun transferindən 5 manat artıq qazanacaq deyə daha güclü futbolçunun əvəzinə zəifi komandaya götürmür və s. Qayələrində yalançılıq, fırıldaq, oğurluq yoxdu. Və bir yerdəki hallallıq var, orda gec-tez mütləq hər şey yaxşı olmalıdı!
Bu halal komandanın bütün üzvlərinə "Halal olsun!" deyirəm! 

P.S. Unudulmaz Portuqaliya səfəri haqda hələ çox yazılacaq. Eysebio və Ronaldonun Portuqaliyasından Maradonanın Neapoluna uzanan təəssüratlarımı növbəti yazımda oxuya biləcəksiniz. 


Anar Şabanoğlu

Bakı-Braqa-Portu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar