“Bolqarıstana da qalib gəlməyə çalışacağıq” – Arif Əsədov

Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də keçiriləcək Bolqarıstanla ev oyunundan öncə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, bu gün təşkil edilən mətbuat konfransında bunlarıs söyləyib:

“Bizi ciddi rəqib gözləyir. Maraqlı oyun olacaq. Bu rəqib hardasa Millətlər Liqasında olan rəqiblərə bərabərdir. Yaxşı sınaq olacaq. Sabahkı oyunda həm oyun planında, həm heyətdə bəzi dəyişikliklər olacaq. Komandada atmosfer yaxşıdır. Çalışacağıq ki, yenə də yaxşı oynayıb, qalib gələk. Rəqibi analiz etmişik. Futbolçulara rəqibin güclü-zəif tərəflərini başa saldıq. Monqolustanla oyunla indiki arasında fərq olacaq. Biz də taktiki sxemdə dəyişiklik edəcəyik. Monqolustanı ən çox birinci zonada qarşılayırdıq. Bolqarıstanla matçda oyunumuzu ikinci zonada quracağıq. Biz də çalışacağıq ki, öz oyunumuzu göstərək. Müsbət emosiyalarımız var. Ayın 18-dən bu yana futbolçularla birlikdəyik. Futbol fəlsəfəmi qısa müddətdə oyunçulara çatdırmağa çalışmışam. Düşünürəm ki, əgər alınsa, istədiyimizi edə biləcəyik".

Əsədov komandasının Monqolustanla matçda qapıya düşə bilməməsi ilə bağlı da danışıb:  "Belə yanaşmağımızı istəməzdim. Bu tək bizim futbolçulara aid deyil. Tanınmış oyunçularda da belə olur. Hər oyunda da belə olur. Futbolçular hər epizoddan sonra heyfslənirdilər. Onlar da çox istəyirdilər. Sadəcə alınmırdı. Komandada inam var idi ki, qol vuracağıq.

Bu oyunlarda yaxşı nəticə əldə etmək istəyirəm. Mənim üçün vacib olan odur ki, yerli məşqçiləri təmsil edirəm. Çalışacam uğurlu nəticə olsun ki, kim gələcəksə, görsün ki, bizim də yaxşı yerli məşqçilərimiz var".

Monqolustanla oyunda gənc qapıçı Rza Cəfərova şans verən məşqçi sabah start heyətdə Şahruddin Məhəmmədəliyevin yer alacağını deyib: "Rəqib də başqa səviyyədədir. Rzadan istifadə etdik ki, gənc oyunçu qazanaq. Düşündüm ki, Monqolustanla matçda təzyiq olmayacaq və o, daha rahat olacaq. Yusif İmanovdan Avstirya, İsveçlə görüşlərdə istifadə etdik. Orada ab-hava başqa idi. Rzanın işi az oldu, amma millinin ab-havasını gördü".

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar