“Sabahkı oyunda məndən qol gözləyin” – Emin Mahmudov

Azərbaycan millisinin kapitanı Emin Mahmudov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də keçiriləcək Bolqarıstanla ev oyunundan öncə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, bu gün təşkil edilən mətbuat konfransında bunları söyləyib:

"Bolqarıstan millisinin yaxşı hücumçuları var. Çalışacağıq ki, öz oyunumuzu göstərib, qələbə qazanaq. Rəqibimiz yaxşı komandadır”.

Mahmudov milli komandada yerli və ya əcnəbi mütəxəssisin çalışmasının onun üçün fərqi olmadığını bildirib: "Mən yerli ilə də işləmişəm, xarici ilə də. Hamı ilə münasibətim yaxşı idi. Keçmiş məşqçilərə qarşı nəsə demək istəmərəm. İkisi də yaxşıdır".

O, Monqolustanla matçda qol epizodlarından istifadə edə bilmədikləri üçün tənqid edilmələrinin normal olduğunu qeyd edib: "Kim deyir ki, tənqidi qəbul etmirik? Biz hamımız tənqidləri qəbul edirik. Bunlar normal haldır". 

Mahmudov qeyd edib ki, sabah yaxşı nəticə üçün hər şey edəcəklər: "Motivasiya sarıdan problem yoxdur. Heç vaxt olmayıb. Maksimumu edəcəyik ki, yaxşı oyun göstərək. Hər oyun vacibdir. Başa düşürük ki, Monqolustan kimi komandalara çox qol vurmalıyıq. Amma alınmadı. Sabahkı oyunda məndən də qol gözləyin. Amma asas komandanın qalib gəlməsidir".

Emin Bolqarıstanla oyunda qol vuraraq milli tarixində yeni bombardir ola bilər: "Motivasiya həmişə olmalıdır. Rekordu qırmaq asan iş deyil. Bir qolum qalıb. Çalışacağam ki, qolum xeyir versin. Bəzi matçlarda qol vursam da, komandaya xeyir verməyib".

Millinin yarımmüdafiəçidi Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer almış Qazaxıstan yığmasının final mərhələsinə çıxması haqda danışıb və "Biz nə vaxt bu addımı atacağıq" sualını cavablandırıb: "Bir az çətin sualdır. Azərbaycan futbolunda dərinə getməlisən ki, biləsən niyə onlarda alınır, bizdə yox. Biz Qazaxıstanı səfərdə də uda bilərdik. Daha yaxşı oyun göstərdik. Onlar qalib gələrək motivasiya ilə davam etdilər, qrupu yaxşı keçdilər. Biz o oyunu yaxşı oynasaydıq, yaxşı şanslarımız olardı. Amma deyə bilmərəm ki, Qazaxıstan bəxt sayəsində oralara gedib çıxdı. İşləyiblər, yaxşı oyun göstəriblər. Qazaxlar kimi eyni nəticənin bizdə də olmasına çalışacağıq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm. Çox istəyərdim ki, yaxın gələcəkdə olsun".

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar