“Qarabağ” bu gün növbəti çempionluğunu rəsmiləşdirə bilər

Bu gün Misli Premyer Liqasında 28-ci tura start veriləcək.

Sports.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Turun açılış oyununda “Qəbələ” “Neftçi”ni qəbul edəcək.

İlk oyun gününün digər qarşılaşması son çempion və lider “Qarabağ”la “Kəpəz” arasında baş tutacaq. Ağdam təmsilçisi bu oyunda qələbə qazansa, xalını 69-a yüksəldəcək və tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq.

27 turdan sonra “Qarabağ”ın 66, ikinci və üçüncü yerlərdə qərarlaşan “Sabah”la “Neftçi”nin isə 40 xalı var. Qurban Qurbanovun komandasının və onun ən yaxın izləyicilərinin növbəti turda qələbəsi təqdirində çempionatın bitməsinə 8 tur qalmış komandalar arasında xal fərqi yenə 26 olacaq. Bu o deməkdir ki, “Qarabağ” hətta bundan sonra bütün 8 matçda uduzsa, ikinci pillədəki komanda isə bütün oyunlarda qalib gəlsə belə, ağdamlılar liderliyi əldən verməyəcəklər. Ağdam klubu üçün ən pis halda yekunda liderlə ikinci pillə arasında xal fərqi cəmi 2 olacaq (69 və 67).

“Kəpəz”lə oyunda mümkün heç-heçə də “Qarabağ”ı çempion edir. Bu halda Ağdam klubunun 67 xalı olacaq. Sonrakı bütün oyunlarda “atlılar” uduzsa və ikinci pilllədəki komanda bütün görüşlərdə qələbə qazansa, yekunda xallar bərabərləşəcək. Azərbaycan çempionatının əsasnaməsinə görə, liderlə ikinci yer arasında xal fərqi bərabər olarsa, qalib şəxsi oyunlardakı göstəriciyə əsasən müəyyənləşir. Bu mövsüm isə “Qarabağ” şəxsi oyunlarda həm “Neftçi”dən (3 oyun, 3 qələbə), həm də “Sabah”dan üstün olub (3 oyun, 2 qələbə, 1 heç-heçə).

Misli Premyer Liqası
28-ci tur

29 mart

“Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 16:30.

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar