"Yeni nəsil elə də güclü olmayan şərhçiləri eşidir" - İlqar Mikayıloğlu

Xəbər verdiyimiz kimi, "Fənərbağça" və "Beşiktaş"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki cavab görüşləri TVNET SPORT və REAL TV-nin birgə yayımında nümayiş etdiriləcək.

Azarkeşlər bu qarşlaşmaları bir dönəmin tanınmış şərhçiləri İlqar Mikayıloğlu və Asif Bağırovun şərhində izləyə biləcək.

Maraqlıdır, telekanal gələcəkdə də futbol matçları nümayiş etdirəcəkmi? Ümumiyyətlə, necə olub ki, belə qərar verilib? 

Suallarımızı Real TV-nin tanınan siması İlqar Mikayıloğluna ünvanladıq:

- Təşəbbüs TVNET-dən gəldi. Bizim rəhbərlik də matçların yayımlanmasına qərar verdi. 

- Oyunları hər kəs izləyə biləcəkmi, yoxsa yayım zamanı kod tələb olunur?
- Oyunlar televiziyada adi qaydada yayımlanacaq, heç bir kod tələb olunmayacaq. 

- "Qalatasaray"ın matçı niyə yayımlanmayacaq? 
- TVNET bizə sadəcə bu iki oyunu verdi. Yəni, oradan hansı matçlar verilərsə, biz də onları nümayiş etdirəcəyik. 

- Futbol matçlarının nümayişi gələcəkdə də davam edəcəkmi, yoxsa, sadəcə iki oyunluqdur? 
- Gələcəkdə də futbol matçları yayımlayacağıq. Ancaq hansı oyunlar olacağı hələ ki, bilinmir.

- Keçmişdə şərhləriniz böyük maraqla qarşılanırdı. Hələ də xatırlayanlar var. İndi də eyni rəğbətlə qarşılanacağını düşünürsüzmü? 
- Hər halda bizim dövrün azarkeşlərinin yadındayıq. Onlar da sosial şəbəkələrdə futboldan söhbət düşəndə bizdən soruşurlar ki, nə vaxt şərh edəcəksiniz? Yeni nəsli ələ almaq asandır. Çünki, yeni nəsil elə də güclü olmayan şərhçiləri eşidir. Onlar da əsl şərhin nə olduğunu anlasalar, dərhal keçəcəklər biz tərəfə. 

- Uzun illərdir bu sahədən uzaqlaşmısınız. Məlumat bazası və başqa məqamlar şərhinizə çətinlik yaratmayacaq ?
- Uzaqlaşmaqdan qətiyyən söhbət gedə bilməz. Hansısa komandanın heyətində futbolçuların dəyişməsi və ya komandanın oyununun yenilənməsi heç bir problem yaratmır. Səbəb çox sadədir. Futbolçunu tanımaq asandır. Əsas olan futbolçuları tanımaq yox, futbolu 90 dəqiqə ərzində oxumağı bacarmaqdır. Onu da ki, biz bacarırırq. 

Qeyd edək ki, bu gün saat 21.30-da “Zimbru” – “Fənərbağça”, 3 avqust saat 22.00-da isə “Tirana” - "Beşiktaş” matçı yayımlanacaq.

Oyunları  TVNET tətbiqini yükləyib 3 günlük ödənişsiz login və parolla TVNET SPORT kanalında və ya REAL TV-nin ümumölkə açıq yayımı və kabel televiziyalarındakı yayımı ilə izləmək mümkündür.

Röya

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar