Quliyevə Ehtiramla

Ehtiram Quliyev Azərbaycan futboluna gəlmiş-keçmiş ən dürüst adamlardan biridi.
Təkcə Vətən müharibəsində ordumuza maddi-mənəvi dəstəyini əsirgəməyən, haqq savaşımızı aparan cəngavərlərimiz üçün alıb verdiyi təcili yardım avtomobillərindən birində özünün də sıravi sürücü kimi 44 gün ön cəbhədə olması faktına görə dərin ehtirama layiqdi.
Amma bugünəcən şəhid övladlarını daim diqqətdə saxlaması, onlarla tez-tez görüşməsi, neçəsinin təhsil haqqını şəxsən verməsi və başqa faktlar da var ki, çoxları bilmir.
"Turan Tovuz"a təmənnasız sponsorluğunun kökündə də Azərbaycana olan sevgi dayanır. Ehtiram bəyin əsas hədəfi futbol konveyeri olan Tovuzda istedadların batmamasıdı. Buna görə o kluba gəlişində başlıca məqsədinin uşaq futbolu üçün hər cür şərait yaradılması və "Turan Tovuz" üçüb müasir tələblərə cavab verən Akademiyasının yaradılması olduğunu bildirib.
Bu qədər sayğıdəyər şəxsiyyəti ləkələməyə fürsət axtaranlar belə məsələləri unutmasa yaxşı olar.
Dünən dəhşətli külək Tovuz stadionunda projektorlardan birini aşırdı. Allaha şükür ki, insanlar heç bir zərər görmədi.
Qərb rayonundakı dəhşətli küləyin fəsadları bununla bitmədi. Saysız-hesabsız ağaclar yollara aşdı, evlərin, binaların damları uçdu və s.
Əlbəttə, bu təbii fəlakətə hazırlıqlı olmaq lazım idi.
Amma projektorun dirəyinin kökündən qopmasının günahını Ehtiram bəydə axtarmaq nə dərəcədə obyektiv və qərəzsiz yanaşmadı?!
Stadion Tovuz İcra Hakimiyyətinin balansındadı. Projektorları saxlayan dirəklərin keyfiyyətinə, ümumiyyətlə, stadiondakı bütün təhlükəsizliyə də, Tovuz İH və Fövqəladə Hallar Nazirliyi cavabdehdir.
FHN məsələn Gəncə stadionunda təhlükəsizliyə görə çempionatın keçirilməsini məqsədəuyğun saymamışdı, daha sonra yalnız bəzi tribunalarda azsaylı azarkeşlərlə oyunlara icazə verilmişdi.
Tovuz stadionuna da, ciddi yoxlamadan sonra icazə verilməli idi...
Amma bütün bu məsələlərdə Ehtiram Quliyevin nə günahı?! Adam projektor dirəkləri istehsal etmir, quraşdırmır və s.
Bu projektorların artıq tarixin yaddaşına köçən "Bakı" Futbol Klubunun stadionundan alındığı bildirilir.
Quliyevin yeganə "günahı" ölkə futbolunun beşiklərindən olan Tovuzun stadionunda da işıqlandırma olsun deyə vəsait ayırması ola bilər.
İllərdir futbolumuzun Elxan Məmmədov kimilərin caynağından qurtulmasını, iş adamlarına bu sahənin inkişafı üçün şərait yaradılmasını arzu edirik, yazırıq. İndi şükür ki, futbolumuzda Ehtiram Quliyev kimi şəxsi vəsaitini futbolun inkişafına sərf edən nadir iş adamları peyda olur. Belələrinin qədrini bilməli, əlimizdən gələn dəstəyi verməliyik.
Sonda onu vurğulayım ki, CBC Sportla bütün ölkəyə və dünyaya canlı yayınlanan "Turan Tovuz" - "Araz Naxçıvan" oyununda hamının gözü qarşısında bu hadisənin yaşanması böyük ehtimalla gələcək faciələrin qarşısını aldı. Bundan sonra stadionlarda, digər idman arenalarında, insanların kütləvi toplaşdığı, yaşadığı və işlədiyi yerlərdə təhlükəsizlik məsələlərinə çox ciddi yanaşılacağına əminlik var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar